Ədliyyə işçiləri arasında şahmat turniri keçirilib
İyulun 12-də “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” və “14 iyul 1969-cu il tarix: Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümü” münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin aparatı və tabe qurumların əməkdaşları arasında şahmat turniri keçirilib.
Naxçıvan Şahmat Mərkəzində baş tutan turnirdə əvvəlcə Ümummili Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Emin Kazımov çıxış edərək muxtariyyətin 100 illiyinin tarixi əhəmiyyətinə toxunub, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin dövlətçilik tariximizə və xalqımızın həyatına dönüş yaradan təsirindən bəhs edib. Hər iki əlamətdar hadisə ilə bağlı keçirilən turnirdə iştirakçılara uğurlar arzulayıb, şahmat taxtası üzərində ilk gediş gedərək oyunu açıq elan edib.
Turnirdə nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov çıxış edib. Bildirib ki, təşkil olunan turnir idmanın kütləviliyinin artırılması, eyni zamanda əməkdaşlar arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıyır.
Qeyd edək ki, şahmat turnirində 46 ədliyyə işçisi isveçrə modeli üzrə 7 oyunda mübarizə aparıb. Turnirin direktoru Tural Zeynalov və hakimi Süleyman Məmmədov oyunun qaydalar çərçivəsində həyata keçirilməsinə nəzarət edib, qaliblər müəyyənləşib. Turnir üzrə birinci, ikinci və üçüncü yerlər üzrə qələbə qazanan oyunçular kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Abbasov Müslüm Elman oğlu birinci, Salayev Anar Bayram oğlu ikinci və Əsgərov Ramin Ağaverdi oğlu üçüncü yeri tutublar.
Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov turnirin mükafatlandırma mərasimində iştirak edib, hər bir iştirakçıya təşəkkür edərək qalibləri təbrik edib. Nazir müavini qeyd edib ki, bəşəriyyətin ən qədim oyunlarından biri hesab edilən şahmatın əsas üstünlüklərindən biri onun intellektual bacarıqları inkişaf etdirməsidir. Yaradıcı yanaşaraq orijinal qərarlar tapmağa imkan yaradan şahmat təkcə şahmat lövhəsində deyil, həm də iş həyatında uğura çatmağa köməklik edən vasitələrdən biridir.