Ədliyyə işçiləri ağacəkmə aksiyası keçirib
Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi tərəfindən “22 noyabr-ədliyyə işçilərinin peşə bayramı günü” və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası həyata keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin yaxınlığında əvvəlcədən hazırlanmış ərazidə keçirilən aksiyada Nazirliyin aparatının, Penitensiar Xidmətin və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları iştirak ediblər. Ağacəkmə aksiyasının məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29-un ölkəmizdə keçirilməsi çərçivəsində qlobal istiləşmənin qarşısının alınmasına, karbon emissiyasının sıfıra endirilməsinə, eyni zamanda ətraf mühitin qorunmasına, ərazidə yaşıllıqların genişləndirməsi və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir.
Aksiya iştirakçıları tərəfindən əraziyə müxtəlif növ ağac tingləri əkilərək suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.