Ədliyyə Akademiyası tərəfindən namizədlər üçün maarifləndirici təlim keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən vakant vəzifələrə qulluğa qəbul üzrə elan olunmuş müsabiqə çərçivəsində müraciət etmiş namizədlərin hazırlıq səviyyəsinin artırılması məqsədilə maarifləndirici təlim təşkil olunub. Təlim Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən keçirilib. Təlimdə 13 namizəd iştirak edib.
Tədbirdə iştirakçılara test imtahanı mərhələsində istifadə olunan normativ-hüquqi aktlar, qanunvericilik tələbləri və test tapşırıqlarının hazırlanması mexanizmi barədə ətraflı məlumat verilib. Akademiyanın əməkdaşları tərəfindən təqdim olunan məruzələrdə imtahan suallarının formalaşdırılması prinsipləri və nümunələr geniş şəkildə izah olunub.
Qeyd olunub ki, təlimin əsas məqsədi namizədlərin test mərhələsinə daha hazırlıqlı şəkildə qatılmalarını təmin etmək, ədliyyə orqanlarına qulluğa qəbul prosesinin səmərəliliyini artırmaqdır.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb, sonda onların sualları cavablandırılıb və təlimçilər namizədlərə uğurlar arzulayıblar.