...

Culfada maarifləndirici tədbir keçirilib

28-09-2023 | 17:52

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları və Naxçıvan Mediasiya Təşkilatı ilə birgə Culfa şəhərində rayon sakinlərinin iştirakı ilə “Ailə mübahisələrinin hüquqi tənzimlənməsi” mövzusuna həsr olunan maarifləndirici tədbir keçirib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Culfa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Səkinə Fərzəliyeva iştirakçılara mövzunun aktuallığından bəhs edib, maarifləndirmə tədbirlərinin əhəmiyyətli təsirini diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eltun Həziyev “Ailə institutlarının formalaşmasında tərəflərin rolu” barədə çıxış edərək valideynlərarası münasibətlər, eyni zamanda valideyn-övlad münasibətlərinə toxunub. Ailədə mübahisələrinin uşaqlara sosial-psixoloji cəhətdən mənfi təsir etdiyini, bunun da gələcəkdə qeyri-sağlam gənclərin formalaşmasına şərait yaratdığını vurğulayıb.  Modernləşməkdə olan cəmiyyətda baş verən yüksək texnologiyaların inkişafının ailə dəyərlərinə mənfi təsir etməməsi üçün tərəfləri daha diqqətli olmağa çağırıb.

Sonra “Qanunvericilikdə ailə faktoru”dan çıxış edən Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Reyhanə Əsgərova mövzu ilə bağlı ailə qanunvericiliyində müəyyən olunan əsas məqamları diqqətə çatdırıb. Bildirib ki, qanunlarımız ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Dövlətin bu sahədəki siyasətini özündə ehtiva edən Ailə Məcəlləsində isə Azərbaycan Respublikası Konstitusiyasında ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edilmişdir.

Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov “Ailə mübahisələrində mediasiya institunun əhəmiyyəti və nikahın davam etdirilməsi şərtləri”ndən danışıb. Bildirib ki, ailə münaqişələrinin həllində mediasiya prosesi mühüm əhəmiyyətə malikdir və bu proses tərəflərin hər ikisini razı etməyə əsaslanır. Orxan Abbasov mediasiya prosesindən ətraflı bəhs edən ər-arvad münasibətlərinin tənzimlənməsi və kompromis yaratmağın yolları, şərtləri və nəticələrindən bəhs edib.

Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.