...

Culfa şəhərində bələdiyyə üzvləri üçün təlim keçirilib

15-05-2025 | 15:04

Mayın 15-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Culfa şəhərində “Yeni tərkibdə formalaşan bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə dair qanunvericiliyin tələbləri” mövzusunda təlim keçirilib. Təlimdə Culfa və Ordubad rayonları üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Xaliq Məmmədov açaraq təlimin məqsədi, mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Yerli özünüidarəetmə fəaliyyətində səmərəliliyin artırılması və bu sahədə qanunvericiliyin tələbləri”, şöbənin böyük məsləhətçisi Təbriz  Eyvazlı isə “Yerli özünüidarəetmənin həyata keçirilməsində bələdiyyə üzvlərinin vəzifələri və məsuliyyəti” mövzusunda çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Ədliyyə Nazirliyi yerli özünüidarənin  təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji dəstək göstərilməsi, bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi, hüquqi maarifləndirmə istiqamətində mütəmadi tədbirlər görür. Bu işlər muxtar respublikada bələdiyyə fəaliyyətinin inkişafına və dövlət-vətəndaş mənafelərinin qorunmasına xidmət edir.

Vurğulanıb ki, Ədliyyə Nazirliyi bələdiyyə işinin təşkili, aktların qəbulu, iclas protokollarının düzgün tərtibi, kargüzarlıq, arxiv və sənəd dövriyyəsinin təşkili, şəffaflığın təmin olunması məsələlərində bələdiyyələrə müvafiq tövsiyələr verir.

Sonda iştirakçılar mövzu ilə bağlı müzakirələr aparıb, suallarını ünvanlayıblar.