...

Culfa rayonunda növbəti maarifləndirmə tədbiri təşkil olunub

19-07-2023 | 12:40

İyulun 19-da Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunda bələdiyyə sədrlərinin, üzvlərinin və vətəndaşların iştirakı ilə “Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri Culfa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı İlqar Novruzov giriş sözü ilə açaraq bələdiyyələrdə işin səmərəli qurulmasi istiqamətində görülmüş işlərdən danışıb, tədbirin mövzusu və əhəmiyyəti barədə məlumat verib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Xəyal Eyvazov “Yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin vəzifələri”, Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması şöbəsinin böyük dövlət vergi müfəttişi Famil Həsənov “Bələdiyyələrə ödənilən  vergi və ödənişlərin ödənilməsi qaydaları”, Bələdiyyələrlə iş mərkəzinin aparıcı məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Rövşən Mirzəyev “Pul tələblərinə dair inzibati aktların qəbulu ilə bağlı qanunvericiliyin tələbləri” mövzularında çıxış ediblər.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkəmizdə yerli özünüidarəetmənin təkmilləşdirilməsi sahəsində də islahatlar uğurla davam etdirilir. Məqsədyönlü islahatların aparıldığı və ölkə həyatının bütün sahələrində tərəqqinin təmin olunduğu dövrdə bələdiyyə orqanlarının fəaliyyətində inkişaf zərurətə çevrilmişdir. Muxtar respublikamızda da yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, Hazırda bələdiyyə maliyyəsinin əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və sair təşkil edir. Bələdiyyə maliyyəsinin əsasını təşkil edən yerli büdcə əsasən yerli vergilər hesabına formalaşır.  Yerli vergilər bələdiyyələrə ödənilən vergilərdir və Azərbaycan Respublikası vergi sisteminin tərkib hissəsidir.

 “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu yerli vergilərin və ödənişlərin əsaslarını müəyyən edir, vergi ödəyiciləri arasında yaranan  münasibətləri tənzimləyir. Həmin qanunda qeyd edilir ki, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, fiziki şəxslərin əmlakı, habelə fiziki şəxslərin istifadəsində və  mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergi ödəyicisi  qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir. Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə dərəcələrinin aşağı və yuxarı həddi qanunla müəyyən edilir, tətbiqi isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib və tədbir iştirakçılarına “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair” məlumat bukletləri paylanılmışdır.