...

Culfa rayonunda borclularla görüş olub

30-11-2023 | 10:59

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsi və İcra və probasiya şöbəsi tərəfindən nazirliyin 2023-cü ilə dair iş planının müvafiq bəndinin icrası ilə əlaqədar yerli icra və probasiya qurumlarında məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunması, icrası çətinlik törədən icra işlərinə köməklik göstərilməsi məqsədi ilə icra sənədi üzrə icradan qəsdən yayınan borclularla proflaktiki görüşlər keçirilir.

 Bu məqsədlə növbəti tədbir noyabrın 29-da Culfa rayonu Ərəzin kəndində Culfa Rayon İcra və Probasiya bölməsinin icraatında olan icra sənədləri üzrə borclu şəxslərlə keçirilib.

 Tədbirdə çıxış edən nazirliyin İstintaq bölməsinin baş müstəntiqi Asət Mirzəyev və Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Nurlan İmanov qanunvericilikdən irəli gələn əsas məqamlara toxunublar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərinin Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu bildirilib. Məruzəçilər tərəfindən borclulara məhkəmə və digər orqanların qərarlarının borclu şəxslər tərəfindən qərəzli olaraq icra edilməməsinin yaratdığı hüquqi məsuliyyət və qanunvericiliyin tələbləri izah edilib.