...

Culfa rayonu üzrə  bələdiyyələrin fəaliyyəti ilə bağlı tədbir keçirilib

19-09-2024 | 19:01

Sentyabrın 19-da Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi məqsədilə tədbir təşkil edilib. Muxtar respublikanın aidiyyəti dövlət orqanlarının əməkdaşlarının da iştirak etdiyi tədbir “Yerli özünüidarəetmə sahəsində görülən işlər və qarşıda duran vəzifələr” mövzusuna həsr olunub.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov çıxış edərək bələdiyyələrin fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması ilə bağlı bələdiyyə üzvlərinin və qulluqçularının qarşısında duran əsas vəzifələrdən bəhs edib. Qeyd edib ki, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətinə uyğun olaraq tərəfimizdən bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi, hüquqi maarifləndirilmə və onlara fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tədbirlər görülür. Görülən işlər muxtar respublikada bələdiyyə fəaliyyətinin inkişafına, dövlətin və vətəndaşın mənafeyinə istiqamətlənib. Xəyal Eyvazov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı Culfa rayonu üzrə fəaliyyət göstərən bələdiyyə orqanlarında müəyyən edilmiş nöqsanları ümumiləşdirilmiş şəkildə diqqətə çatdırıb, görülən işlər barədə də ətraflı məlumat verib.

Tədbirdə  Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Famil Həsənov, Maliyyə Nazirliyinin əməkdaşı Miryaqub Seyidov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Həbib Kərimov və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı Vəliyəddin Allahverdiyev çıxış edib. Qeyd edilib ki, hər bir bələdiyyənin vəzifəli şəxsi öz növbəsində torpaqların icarəyə və mülkiyyətə verilməsi, yerli vergi və ödənişlərin yığılması işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmalı və fəaliyyətini bələdiyyə sisteminin  inkişafı istiqamətində qurmalıdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.