...

Cəzaçəkmə müəssissəsində hüquqi maarifləndirmə tədbiri keçirilib

08-07-2023 | 10:21

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və  İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində “Məhkumlara tətbiq edilən tənbeh və həvəsləndirmə tədbirləri” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Xidmətin əməkdaşı Əli Rəhimov çıxış edərək tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, məhkumlara həvəsləndirmə və tənbeh tədbirləri Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin tələblərinə müvafiq qaydada tətbiq edilir. Həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq etmək hüququna cəzaçəkmə müəssisələrinin rəisləri malikdirlər. Hər bir məhkum “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın tələblərinə ciddi əməl etməlidir.

Sonra Müvəkkil aparatının əməkdaşları Asiman Abbasov və Həsən Həsənov çıxış edərək, məhkumların mükafatlandırılması və onlara tənbeh verilməsinin məhkumları bir birindən fərqləndirmək, daxili intizam qaydalarını pozanları, rejim qaydalarına əməl etməyənləri cəzalandırmaq, qanunlara əməl edən məhkumları isə dəstəkləmək və məhkumlar arasında hüquqpozmalara qarşı profilaktika məqsədilə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.