Cəzaçəkmə müəssisəsinə telefon gətirilməsi faktı müəyyən edilmişdir
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat-rejim şöbəsinə xidmətin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin Qadın məhkumlar bölməsində məhkumlar tərəfindən saxlanılması, gəzdirilməsi, istifadə edilməsi qadağan olunmuş əşyanın (telefon) mövcud olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Penitensiar Xidmətin aidiyyəti şöbəsinin əməkdaşları müvafiq araşdırma aparmışdır. Araşdırma zamanı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin nəzarətçisi, ədliyyə çavuşu Qurbanova Ceyhunə İntiqam qızı tərəfindən 1(bir) ədəd "A16 İPRO" markalı, iki kartlı, sadə telefonun və 1(bir) ədəd "Samsung" markalı smartfon tipli mobil telefonun qulluq mövqeyindən istifadə edərək qeyd olunan müəssisədə cəza çəkən qadın məhkumlardan biri üçün cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş müxtəlif əşyaları yoxlamadan gizlədərək özünə məxsus çantada müəsissəsinin daxilinə keçirməsi və həmin qadın məhkuma verilməsi faktı müəyyən edilmişdir. Törədilmiş əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olduğundan, aidiyyəti üzrə araşdırmanın aparılması və hüquqi qiymətin verilməsi məqsədilə toplanmış materiallar və maddi sübutlar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Muxtar Respublika Prokurorluğuna göndərilmişdir. Muxtar Respublika Prokurorluğunda həmin faktla bağlı Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılır.