Cəzaçəkmə müəssisəsində bayramlar münasibəti ilə tədbir keçirilib
İyunun 13-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “15 İyun-Milli Qurtuluş Günü” və “Qurban bayramı”münasibətilə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumların iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Xidmətin Təşkilat-nəzarət şöbəsinin əməkdaşı Nizami Nəcəfov açaraq məhkumları qarşıdan gələn hər iki bayram münasibətilə təbrik edib. Sonra o, “15 İyun-Milli Qurtuluş Günü”nün tarixinə qısa nəzər salaraq Azərbaycan tarixində əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşı Sabir Xəlilov isə “Azərbaycanda dini bayramlar ictimai həmrəyliyin və birliyin mühüm tərkibi kimi” mövzusunda çıxış edib. Bildirib ki, milli-mənəvi-dini dəyərlərimiz öz növbəsində dövlətin və cəmiyyətin birgə səyləri ilə qorunaraq daha da zənginləşdirilən ölkəmizdə sabitlik, həmrəylik, bərabərlik ovqatının, tolerantlıq mühitinin daha da möhkəmlənməsində mühüm rol oynayır. Respublikamızda hər il dini bayramların yüksək səviyyədə keçirildiyini diqqətə çatdıran Sabir Xəlilov bildirib ki, Azərbaycanda dini bayramların, o cümlədən də Qurban bayramının dövlət səviyyəsində qeyd olunması xalqımızın milli-mənəvi dəyərlərinə böyük hörmətin ifadəsidir.
Sonda “Naxçıvan Muxtar Respublikasının tarixində 15 İyun-Milli Qurtuluş Gününün əhəmiyyəti” adlı videolent izlənilib.