...

Cəzaçəkən şəxslərə pulsuz hüquqi və psixoloji xidmət göstərilib

18-05-2024 | 11:58

Ədliyyə Nazirliyinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nin qeyd edilməsi ilə bağlı təsdiq etdiyi Tədbirlər Planının icrası istiqamətində nazirlikdə və tabe qurumlarda silsilə tədbirlər davam etdirilir.

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində bir qrup həbs olunmuş şəxsə və cəzaçəkən məhkuma pulsuz hüquqi psixoloji xidmət göstərilib. Xidmət Naxçıvan Muxtar Respublikasi Vəkillər Kollegiyasının müəyyən etdiyi vəkillər və nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən həyata keçirilib.

Əvvəlcə Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəzaçəkən şəxslərin iştirakı ilə “Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi” ilə bağlı tədbir keçirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Penitensiar xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi Əli Rəhimov qeyd edib ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş cəza çəkən şəxslərin hüquqi maarifləndirilməsi üçün müntəzəm tədbirlərin təşkili, onlara hüquqi və psixoloji xidmətlərin göstərilməsi Ədliyyə Nazirliyinin daim diqqətindədir. Tədbirlərin keçirilməsində məqsəd cəzaçəkmə müəssisələrində cəzaçəkən məhkumların normal sosial faydalı həyata adaptasiya olunmasını və bu sosial qrupdan olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsini təmin etməkdir.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Mircəlal Seyidov çıxışında bildirmişdir ki, bu gün hər bir ölkə vətəndaşının yüksək hüquqi yardım almaq hüququ Azərbaycan dövləti tərəfindən təmin olunur. Azərbaycan dövləti həmçinin vətəndaşların müdafiə hüququnun dövlət vəsaiti hesabına təmin edilməsi üçün mütərəqqi qərarlar qəbul edir.

Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertizası bölməsinin rəisi Valeh Fərəcov məhkumlarda qarşıya çıxan psixoloji problemlər və onların həlli yolları barədə məlumat verib. Cəzaçəkən şəxslərdə yaranmış stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlardan danışıb.

Daha sonra vəkillər bir qrup cəza çəkən şəxslə görüşmüş, onlara ödənişsiz hüquqi yardım göstərmişdir. Görüş zamanı onları  maraqlandıran suallar cavablandırılmış, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilmiş, bir sıra yazılı və şifahi məsləhətlər verilmişdir.

Eləcə də nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert psixoloqları da müxtəlif rejimlərdə cəza çəkən şəxslərlə görüşmüş, psixoloji yardıma ehtiyacı olanlarla fərdi söhbətlər aparmışlar.

Cəza çəkən şəxlər onlara göstərilən diqqətə görə dövlətimizə təşəkkür etmiş, bu tədbirlərin davamlı olmasını arzulamışlar.