...

Cəzaçəkən şəxslərə ödənişsiz hüquqi və psixoloji yardım göstərilməsi işi diqqətdə saxlanılır

25-06-2024 | 19:46

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi” ilə bağlı təsdiq etdiyi tədbirlər planının icrası ilə əlaqədar penitensiar müəssisələrdə çəzaçəkən şəxslərə  ödənişsiz hüquqi və psixoloji yardım göstərilməsi işi də diqqətdə saxlanılır. Belə ki, iyunun 25-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası və Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin rəhbər heyəti arasında birgə fəaliyyətin təşkili ilə bağlı görüş keçirilib.

Görüşdə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Emin Kazımov qonaqları salamlayaraq, ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərovun tapşırığına əsasən həbs edilmiş şəxslərin və məhkumların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Vəkillər Kollegiyasının hər zaman məhkumların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində əməli addımlar atdığını bildirən Emin Kazımov həbs edilmiş şəxs və məhkumlara peşəkar hüquqi yardımın göstərildiyini, hüquqi maarifləndirmə istiqamətində müxtəlif rejimli cəzaçəkmə müəssisələrində mütəmadi tədbirlərin həyata keçirildiyini, təşkil edilən hüquqi yardım tədbirləri zamanı məhkumlara mülki və cinayət qanunvericiliyinin müddəalarının, həmçinin cəzaların icrası və çəkilməsi qaydalarının  ətraflı izah edildiyini qeyd edib.

Qəbula görə ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərova və Penitensiar Xidmətin rəisi Emin Kazımova minnətdarlığını ifadə edən Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov səmərəli görüşün keçirilməsinin mahiyyəti və son dövrlər Kollegiyada görülən işlərdən söz açıb, hüquqşünasların vəkilliyə marağının artdığını, o cümlədən Penitensiar xidmətdə aparılan mühüm islahatları xüsusi qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Rafiq Cəfərov çıxış edərək keçirilən tədbirin cəza çəkən məhkumların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsi eyni zamanda məhkumlarda qarşıya çıxan psixoloji problemlər və onların həlli yollarına müsbət təsir edəcəyindən bəhs edib.

Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində davam edən tədbirdə ekspert-psixoloqlar və vəkillər tərəfindən məhkumlarla maarifləndirici görüş keçirilib, tədbirin mahiyyəti diqqətə çatdırılıb.

Daha sonra vəkillər və psixoloqlar cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla fərdi qaydada görüşüb, onlara psixoloji dəstək və ödənişsiz hüquqi yardım göstərilib. Görüş zamanı məhkumları maraqlandıran suallar cavablandırılıb, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilib, lazımi məsləhətlər verilib.