Cəhri qəsəbəsində maarifləndirici tədbir keçirilib
Avqustun 30-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Babək rayonunun Cəhri qəsəbəsində rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrlərinin və sakinlərin iştirakı ilə “Bələdiyyələrə ödənilən yerli vergilərlə bağlı qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Xəyal Eyvazov “Yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edib. Qeyd edib ki, bələdiyyə orqanlarının fəaliyyətinin səmərəliliyi onların maliyyə təminatı ilə bağlıdır. Bələdiyyələrin maliyyə imkanlarının artması bu orqanların qarşısında duran və yerli əhəmiyyətli məsələlərin həllinə də öz müsbət təsirini göstərir.
Sonra Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması şöbəsinin böyük dövlət vergi müfəttişi Famil Həsənov “Bələdiyyələrə ödənilən vergi və ödənişlərin ödənilməsi qaydaları” barədə məlumat verib. Bələdiyyə orqanlarının büdcəsinin formalaşdırılmasında yerli vergilər və ödənişlərin xüsusi rol oynadığını diqqətə çatdıraraq bildirib ki, vergi qanunvericiliyi ilə müəyyən edilmiş yerli vergiləri tam həcmdə və vaxtında ödəmək vergi ödəyicilərinin borcudur. Yerli vergilər də məcburi ödəmələrdir və bu vergilərdən əldə olunan vəsait yerli büdcəyə daxil olur. Vergilərin ödənilməsi qanunvericilikdə müəyyən olunmuş müddətdə və məbləğdə vergi ödəyiciləri tərəfindən həyata keçirilməlidir.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib və onlara nazirlik tərəfindən hazırlanan “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair” bukletlər təqdim edilib.