“Cəbrayıl şəhəri Günü” qeyd olunub
2020-ci il 27 sentyabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Ermənistanın hərbi təcavüzünə qarşı aparılan əks-hücum əməliyyatı zamanı 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız işğaldan azad edildi. 44 gün ərzində Şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ordumuz 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad etdi. Qeyd edək ki, Cəbrayıl şəhəri işğaldan azad olan ilk şəhərimiz oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl şəhəri Günü kimi qeyd olunur.
Həmin Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində və cəzaçəkmə müəssisələrində “Cəbrayıl Şəhəri Günü”nə həsr olunan tədbirlər keçirilib. Xidmətin aparatı, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi, İstintaq Təcridxanası və Mühafizə Taburunda keçirilən tədbirlərdə müəssisələrin əməkdaşları və məhkumlar iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib və torpaqlarımızın işğaldan azad edilməsində iştirak edən Vətən övladlarının əziz xatirəsinin ürəklərdə daim yaşayacaqları bildirilib. Tədbirlərdə işğal dövründə viran qoyulan şəhərin işğaldan azad olunandan sonra geniş bərpa, abadlıq və quruculuq tədbirlərinin həyata keçirilməsinə başlanılmasından danışılıb.