Borclularla növbəti profilaktiki görüş keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsi və İstintaq bölməsi tərəfindən yerli icra və probasiya qurumlarında məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunması, icrası çətinlik törədən icra işlərinə köməklik göstərilməsi məqsədilə icra sənədi üzrə icradan qəsdən yayınan borclularla proflaktiki görüşlər təşkil edilir. Bu istiqamətdə növbəti görüş Kəngərli rayonu Qıvraq qəsəbəsində rayon üzrə İcra və Probasiya Bölməsinin icraatında olan icra sənədləri üzrə borclu şəxslərlə keçirilib.
Tədbirdə nazirliyin İstintaq bölməsinin baş müstəntiqi Asət Mirzəyev və İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi Murad Nağdəliyev çıxış ediblər. Nazirliyin əməkdaşları qərarlarının icra edilməməsinin hüquqi nəticələri, borclu şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məlumat verib, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan, məhkəmə və digər orqanların qərarları üzrə üzərlərinə düşən öhdəlikləri icra etməyən və ya ödənişləri gecikdirən borclular barədə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə əsas məqamları iştirakçıların diqqətə çatdırıblar.
Tədbirin sonunda borclu şəxslər dinlənilib və onların sualları cavablandırılıb.