...

Borclu və probasiya nəzarətində olan şəxslərlə maarifləndirici görüş keçirilib

19-06-2026 | 17:32

Şərur rayonunun Qarxun kəndində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Xidməti ilə İstintaq bölməsinin birgə təşkilatçılığı əsasında borclu və probasiya nəzarətində olan şəxslərlə maarifləndirici görüş keçirilib.

Görüşün əsas məqsədi vətəndaşların icra sənədlərinin icrası, borc öhdəliklərinin vaxtında yerinə yetirilməsi, qanunvericiliyin tələbləri və məhkəmə qərarlarının icrasının hüquqi nəticələri barədə məlumatlandırılması olub.

Tədbiri giriş sözü ilə açan İcra və Probasiya Xidmətinin rəis müavini, İcra şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Rahib Səfərov icra sənədlərinin icra mexanizmləri, öhdəliklərin hesablanması və icrası, həmçinin məhkəməyə müraciət qaydaları barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra İcra və Probasiya Xidmətinin Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Yunis Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq probasiya nəzarətində olan şəxslərin hüquq və vəzifələri, məhkəmə tərəfindən üzərlərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinin hüquqi əsaslarını diqqətə çatdırıb. O bildirib ki, məhkəmə qərarlarının düzgün və vaxtında icrası hüquq münasibətlərinin tənzimlənməsində və vətəndaş hüquqlarının təmin olunmasında mühüm rol oynayır.

Tədbir çərçivəsində İstintaq bölməsinin müstəntiqi, ədliyyə müşaviri Zamin Nəbiyev də çıxış edərək məhkəmə qərarlarının icrasının məcburi xarakter daşıdığını, bu qərarların qəsdən yerinə yetirilməməsinin isə qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyət yaratdığını vurğulayıb.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallara fərdi qaydada hüquqi izahlar verilib.