...

Borclu və probasiya nəzarətində olan şəxslər üçün maarifləndirici görüşlər keçirilib

27-11-2026 | 17:20

Naxçıvan şəhəri, Kəngərli və Sədərək rayonlarında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya xidməti ilə İstintaq bölməsinin birgə təşkilatçılığı sayəsində  borclu və probasiya nəzarətində olan şəxslərin iştirakı ilə maarifləndirici görüşlər təşkil edilib.

Görüşlərdə İcra və probasiya xidmətinin rəis müavini, İcra şöbəsinin rəisi Rahib Səfərov icra sənədlərinin yerinə yetirilməsi mexanizmləri, öhdəliklərin hesablanması və icrası, eləcə də müvafiq məsələlərlə bağlı məhkəməyə müraciət qaydaları haqqında məlumat verib. O, qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin vaxtında və düzgün yerinə yetirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Nazirliyin İstintaq bölməsinin rəisi Asət Mirzəyev və baş müstəntiq Zamin Nəbiyev məhkəmə qərarlarının icra edilməməsinin hüquqi nəticələrindən bəhs ediblər. Bildirilib ki, məhkəmə və digər səlahiyyətli orqanların qərarlarının icrası məcburidir və həmin qərarların qəsdən yerinə yetirilməməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Maarifləndirici görüşlərin sonunda iştirakçıların sualları dinlənilib, onları maraqlandıran məsələlər ətraflı izah olunub.