Borclu və məhkum edilmiş şəxslərlə maarifləndirici tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin və İstintaq bölməsinin əməkdaşları noyabrın 28-də Babək rayonunda borclu və məhkum edilmiş şəxslərlə maarifləndirici tədbir keçirib.
Tədbirdə Nazirliyin İstintaq bölməsinin rəisi Zamin Nəbiyev və İcra və probasiya şöbəsinin rəis müavini Rəşad Allahverdiyev çıxış edərək Babək Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan aliment və pul tələblərinə dair icra sənədləri üzrə icradan yayınan borclulara, habelə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərə qanunvericiliyin tələblərini izah ediblər.
Görüşdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq, icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu, məhkəmə və digər orqanların qərarlarının borclu şəxslər tərəfindən qərəzli olaraq icra edilməməsinin yaratdığı hüquqi məsuliyyət iştirakçıların diqqətinə çatdırılıb.
Bundan əlavə, probasiya nəzarətində olan məhkumların cəza müddətindəki davranışlarının daim diqqətdə saxlanıldığı, o cümlədən tərbiyəvi xarakterli tədbirlərdə fəal iştirakı, müsbət xarakterizə olunan digər əhəmiyyətli hallar nəzərə alınmaqla məhkumlara həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi ilə bağlı izahlar verilib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları Nazirliyin əməkdaşları tərəfindən cavablandırılmışdır.