Borclu şəxslərlə profilaktiki tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən əsas fəaliyyət istiqamətlərindən biri olan məhkəmə və digər orqanların qərarlarının icrası diqqətdə saxlanılır, mütəmadi olaraq tədbirlər keçirilir. Bu məqsədlə növbəti profilkatiki tədbir Ordubad rayonunda yerli icra və probasiya qurumunun icraatında olan aliment və digər işlər üzrə borclu şəxslərlə keçirilib.
Tədbirdə nazirliyin İstintaq bölməsinin rəisi Zamin Nəbiyev və İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi Yaqub Musayev çıxış ediblər.
Çıxışlarda məhkəmə və digər orqanların qərarlarının yerinə yetirilməsi ilə bağlı qanunvericilikdən irəli gələn məsələlərə toxunulub. Əsasən, aliment borcunun ödənilməməsi ilə bağlı daxil olan müraciətlərin olduğunu diqqətə çatdıran əməkdaşlar, bütün hallarda uşaq mənafelərinin üstünlük təşkil etdiyini, alimentin vaxtında ödənilməməsinin onların mənafelərinə xələl gətirəcəyini bildiriblər.
Məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını həyata keçirən icra məmurunun tələblərinin ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, icra məmurunun tələblərininin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.
Sonra məhkəmə qərarı üzrə borclu vətəndaşlar dinlənilib, yaranan problemlər və çatışmazlıqlar müzakirə olunub və iştirakçıların suallarına aydınlıq gətirilib.