...

Borclu şəxslərlə maarifləndirici görüş keçirilib

01-04-2026 | 14:21

Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsi və İcra və Probasiya Xidmətinin birgə təşkilatçılığı ilə borclu şəxslər üçün maarifləndirici görüş təşkil olunub.

Tədbiri açan İstintaq bölməsinin rəisi Asət Mirzəyev icra sənədlərinin icra mexanizmləri, aliment öhdəliklərinin hesablanması və ödənilməsi, eləcə də məhkəməyə müraciət prosedurları barədə ətraflı məlumat verib.

Görüş zamanı İcra və Probasiya Xidmətinin rəis müavini, icra şöbəsinin rəisi Rahib Səfərov və Probasiya Şöbəsinin rəisi Yunis Məmmədov tərəfindən iştirakçılara “İcra haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəaları izah olunub. Qeyd edilib ki, məhkəmə və digər səlahiyyətli orqanların qəbul etdiyi qərarların icrası məcburi xarakter daşıyır və bu öhdəliklərin qəsdən yerinə yetirilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyət yaradır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.