...

Borclu şəxslərlə görüş keçirilib

29-05-2024 | 17:47

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir. Bu məqsədlə növbəti maarifləndirici görüş mayın 29-da Şahbuz şəhər mərkəzində baş tutub.

Görüşdə nazirliyin İstintaq bölməsinin rəisi Zamin Nəbiyev və İcra və probasiya şöbəsinin baş məsləhətçisi Rahib Səfərov Şahbuz rayonunu üzrə icra və probasiya bölməsinin icraatında olan icra sənədlərinin icrası ilə bağlı icradan yayınan borclularla profilaktik söhbətlər aparıb, onlara məhkəmə və digər orqanların qərarlarının vaxtında icrası ilə əlaqədar qanunvericiliyin tələblərini izah ediblər.

Qeyd olunub ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə qərarını icra etməyə borclu olan şəxslər əvvəlcə inzibati məsuliyyətə cəlb edilirlər. İnzibati məsuliyyətə cəlb olunan şəxslər yenə də icra sənədini qərəzli olaraq icra etmədikdə isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunurlar. Ona görə də icra sənədlərinin icrası ilə bağlı icradan yayınan hər bir borclu qanunvericiliyin tələblərinin nəzərə alaraq üzərinə düşən vəzifələri vaxtında yerinə yetirməlidir.

Görüş zamanı icra işləri üzrə borclular da dinlənilib, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.