Borclu şəxslər üçün maarifləndirici görüş keçirilib
Kəngərli rayonunun Qarabağlar kəndində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsi və İcra və probasiya xidmətinin birgə təşkilatçılığı ilə borclu şəxslər üçün maarifləndirici görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan İcra və probasiya xidmətinin Probasiya şöbəsinin rəisi Yunis Məmmədov icra sənədlərinin icra mexanizmləri, öhdəliklərin hesablanması və ödənilməsi, eləcə də məhkəməyə müraciət prosedurları barədə ətraflı məlumat verib.
Görüş zamanı İstintaq bölməsinin rəisi Asət Mirzəyev məhkəmə qərarlarının icrası və qərarların icra edilməməsinə görə yaranan hüquqi məsuliyyət barədə danışıb. Bildirilib ki, məhkəmə və digər səlahiyyətli orqanlar tərəfindən qəbul edilən qərarların icrası məcburi xarakter daşıyır və bu öhdəliklərin qəsdən yerinə yetirilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyət yaradır.
Daha sonra İcra və probasiya xidmətinin İcra şöbəsinin baş məsləhətçisi Rəşad Allahverdiyev tərəfindən iştirakçılara “İcra haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəaları izah olunub. Qeyd edilib ki, məhkəmə qərarlarının vaxtında və düzgün icrası hüquq münasibətlərinin tənzimlənməsi və vətəndaşların hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar fərdi qaydada cavablandırılıb.
![]() |
![]() |

