...

Bələdiyyə torpaqlarının mühafizəsi və istifadə məsələləri müzakirə olunub

18-09-2026 | 17:26

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı, Şərur Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının iştirakı ilə “Bələdiyyə torpaqlarının mühafizəsi və istifadəsinə nəzarət: özbaşına istifadənin və qanunsuz tikintinin qarşısının alınması” mövzusunda tədbir keçirilib. Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Şərur, Kəngərli və Sədərək rayonları üzrə fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları da iştirak ediblər.
Əvvəlcə Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tağı Abbasov çıxış edərək bələdiyyələrin torpaqların mühafizəsi istiqamətində bugünədək gördüyü işlərdən və bu istiqamətdə mövcud problemlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Bələdiyyə torpaqlarının mühafizəsi, qanunauyğun istifadəsi və səmərəli idarə olunması” mövzusunda çıxış edib. Bildirilib ki, bələdiyyə torpaqlarının qanunvericiliyin tələblərinə uyğun idarə olunması, onların mühafizəsi və təyinatı üzrə istifadəsinə nəzarət bələdiyyələrin əsas vəzifələrindəndir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Həbib Kərimov “Bələdiyyə torpaqlarında tikinti fəaliyyətinin qanunauyğunluğu və qanunsuz tikintinin qarşısının alınması”, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş şöbəsinin baş məsləhətçisi Rövşən Mirzəyev isə “Torpaqdan özbaşına istifadənin hüquqi nəticələri və məsuliyyət tədbirləri” mövzularında məlumat veriblər. Çıxışlarda torpaqlardan qanunauyğun istifadənin təmin edilməsi, qanunsuz tikinti və özbaşına torpaq istifadəsi hallarının qarşısının alınması, eləcə də belə hallara yol verildiyi təqdirdə yaranan hüquqi nəticələr diqqətə çatdırılıb.
Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.