Bələdiyyə torpaqlarının idarə olunmasına dair seminar keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Kəngərli Rayon İcra Hakimiyyəti ilə birgə “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri” mövzusunda Kəngərli rayonunda seminar keçirib. Seminarda rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrləri və qulluqçularının iştirakı təmin edilib.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Ağa Seyidov tədbiri giriş sözü ilə açaraq bələdiyyələrdə işin səmərəli qurulması istiqamətində görüləcək işlərin əhəmiyyətindən danışıb.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılmasının qaydaları” barədə ətraflı çıxış edib. Mövzu ilə bağlı qanunvericilikdən irəli gələn əsas məqamları diqqətə çatdırıb. Bildirib ki, bələdiyyələr mülkiyyətlərində olan torpaq sahələrinin istifadə vəziyyətini təhlil etməli, torpaq sahələri mülkiyyətə ayrılarkən qanunvericiliyin tələblərinə ciddi əməl etməli və bu istiqamətdə həyata keçirilən tədbirlər və nəticələr barədə yerli əhaliyə vaxtaşırı məlumat verməlidirlər.
Sonra Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Vəliyəddin Allahverdiyev “Torpaqayırma sənədlərinin hazırlanması və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi”, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Davud Qarayev “Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsasları, bələdiyyələrin bu sahədə hüquq və vəzifələri” və Kəngərli Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Ziya Əliyev “Tikinti norma və qaydalarını tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr” mövzularında çıxış ediblər.
Tədbir qarşılıqlı diskusiya şəklində davam edib, bələdiyyə sədrlərinə “Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə bağlı sənədlərin hazırlanmasına dair” metodiki vəsait və “Metodik sənədlər toplusu” təqdim edilib.