Bələdiyyə torpaqlarının idarə edilməsi mövzusunda seminar keçirilib
İyulun 26-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin birgə təşkilatçılığı ilə Qaraçuq Kənd Mərkəzində “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri” mövzusunda seminar keçirilmişdir. Seminarda Naxçıvan şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri iştirak etmişdir.
Seminarda Naxçıvan Şəhər İcra Hakimiyyəti ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin aparıcı məsləhətçisi Nail Əliyev açaraq bələdiyyələrdə işin səmərəli qurulması istiqamətində görüləcək işlər, tədbirin mövzusu və əhəmiyyəti barədə məlumat vermişdir.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılmasının qaydaları” , Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yer quruluşu, geodeziya, xəritəçəkmə və torpaq ehtiyatlarından istifadəyə nəzarət sektorunun aparıcı məsləhətçisi Vəliyəddin Allahverdiyev “Torpaqayırma sənədlərinin hazırlanması və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi”, Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şəhər təsərrüfatı, memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi-mühəndis Cavid Həşimov “Tikinti norma və qaydalarını tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr”, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin məsləhətçisi Məmməd Cəfərov “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı hərracların keçirilməsi qaydaları” mövzularında çıxış ediblər.
Seminar iştirakçılarının diqqətinə çatdırılıb ki, Bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunması qarşıda duran mühüm vəzifələrdəndir. Torpaqlardan təyinatı üzrə istifadə olunması bu sahədə müsbət nəticələrin əldə olunmasına da zəmin yaradır. Bu baxımdan bələdiyyələrin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun qurulmalıdır. Bələdiyyə mülkiyyətinə aid torpaqların mülkiyyətə və icarəyə vermək hüququ yerli özünüidarəetmə orqanlarının səlahiyyətinə aiddir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında” Əsasnamə və digər normativ hüquqi aktlarla bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi məsələləri tənzimlənir. Bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi məsələləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin və aidiyyəti dövlət qurumlarının diqqətindədir və bu istiqamətdə zəruri maarifləndirmə tədbirləri keçirilir, metodiki vəsaitlər təqdim edilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin nəticələrinin təhlili göstərir ki, bələdiyyələrdə torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı torpaq münasibətlərini tənzimləyən normativ hüquqi aktların tələblərinə tam şəkildə əməl edilmir. Bu halların qarşısının alınması məqsədilə adıçəkilən qanunvericiliyin müddəaları tədbir iştirakçılarına geniş və hərtərəfli izah olunmuşdur.
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmiş və bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu” və “Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə bağlı sənədlərin hazırlanmasına dair” metodiki vəsaitlər təqdim edilmişdir.