...

Bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib

05-08-2026 | 16:26

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı, Babək Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iştirakı ilə “Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi: qanunvericiliyin tələbləri, idarəetmə xüsusiyyətləri və bələdiyyələrin səlahiyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarında fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları, həmçinin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar da iştirak ediblər. 
Əvvəlcə Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramil Allahyarov tədbiri açaraq belə maarifləndirici görüşlərin bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, torpaq münasibətlərində qanunvericiliyin düzgün tətbiqi və şəffaf idarəetmənin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov çıxış edərək bələdiyyə mülkiyyətinə dair qanunvericiliyin əsas tələbləri, bələdiyyə torpaqlarının icarəyə verilməsi qaydaları və bu sahədə hüquqi əsaslar barədə ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov kənd təsərrüfatı təyinatlı bələdiyyə torpaqlarının icarəyə verilməsinin hüquqi tənzimlənməsi, bu sahədə mövcud problemlər və səmərəli idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı Həşim Salayev bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət qeydiyyatı və kadastr uçotunun aparılması zamanı qanunvericiliyin tələblərini iştirakçıların diqqətinə çatdırıb.
Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, bələdiyyələrin üzv və qulluqçularını, iclasda iştirak edən sahibkarları maraqlandıran suallar cavablandırılıb və bələdiyyə torpaqlarının qanunvericiliyin tələblərinə uyğun idarə olunması ilə bağlı tövsiyələr verilib.