Bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirilib
Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri mövzusunda keçirilən tədbirlərin davamı olaraq növbəti maarifləndirici seminar Culfa rayonunda təşkil edilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarla birgə təşkil etdiyi seminarda rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrləri və qulluqçuları iştirakı ediblər.
Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov açaraq bələdiyyə torpaqlarının səmərəli idarə olunmasının perspektivlərindən bəhs edib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi barədə ətraflı məlumat verib. Bələdiyyə torpaqlarının mülkiyyətə ayrılması, torpaqların təyinatına uyğun olaraq bazar qiyməti nəzəra alınmaqla satılması, icarə zamanı ərizəçi ilə bələdiyyə arasında notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanılması və digər məqamlara toxunub.
Seminarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihə semeta qrupunun baş mütəxəssisi- memarı Davud Qarayev “Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsasları, bələdiyyələrin bu sahədə hüquq və vəzifələri”, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Torpaq məsələləri şöbəsinin Dövlət torpaq kadastrı sektorunun baş məsləhətçisi Zaur Vəliyev “Torpaqayırma sənədlərinin hazırlanması və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi”, Culfa Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri Musa Musayev “Tikinti norma və qaydalarını tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr”, Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş məsləhətçisi Məmməd Cəfərov “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı hərracların keçirilməsi qaydaları” mövzularında çıxış ediblər.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandlran suallara aydınlıq gətirilib və bələdiyyə sədrlərinə nazirlik tərəfindən hazırlanan “Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə bağlı sənədlərin hazırlanmasına dair” metodiki vəsait təqdim edilib.