...

Bələdiyyə iclaslarının təşkili və kollegiallıq prinsipi müzakirə olunub

23-04-2026 | 17:04

Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarında fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “Bələdiyyə iclaslarının keçirilməsi qaydaları və kollegiallıq prinsipi” mövzusunda tədbir keçirilib. Tədbirin əsas məqsədi bələdiyyə fəaliyyətində şəffaflığın artırılması, qanunvericiliyin tələblərinin düzgün tətbiqi və kollegial idarəetmə prinsiplərinin gücləndirilməsidir.

Tədbirin açılış hissəsində Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramil Allahyarov çıxış edib və tədbirin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Bələdiyyə iclaslarının təşkili və keçirilməsinə dair qanunvericiliyin tələbləri” mövzusunda məruzə edib. Məruzədə bələdiyyə iclaslarının hüquqi əsasları, iclasların çağırılması, keçirilməsi və qərarların qəbul olunması mexanizmləri ətraflı izah olunub.

Nazirliyin həmin şöbəsinin baş məsləhətçisi Rövşən Mirzəyev isə “Bələdiyyə üzv və qulluqçuların əmək münasibətlərində iştirakı və onların hüquq və vəzifələri” mövzusunda çıxış edərək bu sahədə mövcud hüquqi tənzimləmələr və praktik məsələlər barədə məlumat verib.

Tədbirdə həmçinin, şöbənin aparıcı məsləhətçisi Məhəmməd Quliyev “Bələdiyyələrdə mühasibat uçotunun təşkili” mövzusunda danışaraq bələdiyyələrin maliyyə fəaliyyətinin düzgün qurulması və hesabatlılıq məsələlərinə toxunub.

Sonda iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.