...

Bələdiyyə fəaliyyətində vətəndaş məmnunluğu və ictimai iştirakçılıq müzakirə olunub

18-11-2026 | 16:35

Babək Rayon İcra Hakimiyyətinin inzibati binasında “Bələdiyyə fəaliyyətində vətəndaş məmnunluğunun və ictimai iştirakçılığın artırılması” mövzusunda maarifləndirici tədbir keçirilib. Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarında fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının iştirak etdiyi tədbirdə bələdiyyələrin fəaliyyətində şəffaflığın, hesabatlılığın və vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də yerli özünüidarəetmədə ictimai iştirakçılığın genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramil Allahyarov giriş sözü ilə çıxış edərək bələdiyyələrin vətəndaş müraciətlərinə həssas yanaşmasının, onların qanunvericiliyin tələblərinə uyğun araşdırılmasının və fəaliyyətlərində açıqlıq prinsiplərinə əməl edilməsinin əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Bələdiyyələrin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərə baxılması, hesabatlılıq və aşkarlıq prinsiplərinin tətbiqi” mövzusunda çıxış edib.

Nazirliyin Bələdiyyələrlə iş şöbəsinin baş məsləhətçisi Rövşən Mirzəyev isə “Yerli özünüidarəetmədə ictimai iştirakçılıq, bələdiyyə-vətəndaş münasibətləri” mövzusunda danışıb. O, yerli məsələlərin həllində vətəndaşların iştirakının, bələdiyyələrlə əhali arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.