...

Bələdiyyə fəaliyyətində COP29-un əhəmiyyəti müzakirə olunub

23-08-2024 | 14:16

Babək və Culfa rayonları üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “Ətraf mühitin yaxşılaşdırılması və torpaqların icarəyə verilməsində COP29-un əhəmiyyəti”  mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin  birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramil Allahyarov COP29 konfransına ev sahibliyininin Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisələrindən biri olduğunu və ölkənin yaşıl iqtisadiyyata keçidin məntiqi davamı kimi qiymətləndirildiyini bildirib. Qeyd olunub ki belə mühüm bir tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın nüfuzunun daha da güclənməsinə təkan verəcək. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyanın davamıdır.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov çıxış edərək bildirib ki, COP-un növbəti iclasının ölkəmizdə keçilməsinin daha yaşıl və təhlükəsiz gələcək üçün xüsusi əhəmiyyəti vardır. Planetimizin gələcəyi və ətraf mühitin qorunması üçün önəmli müzakirələrin keçiriləcəyi bu tədbir həm də idarəetmənin bir qolu olan bələdiyyələrin torpaqların idarəolunmasındakı rolunun artmasına imkan verəcək. Xəyal Eyvazov COP qanunları və praktikasının tətbiqinin yerli məsələlərin həllinə müsbət təsirindən danışıb, torpaq resurslarının səmərəli idarə olunması və icarəyə verilməsində hüquqi tənzimləmə barədə ətraflı məlumat verib.

            Sonra Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əli Hüseynov və Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı İsgəndər İsgəndərli mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda dünyada “yaşıl enerji” kimi tanınan və təbii göstəricilərə əsasən Azərbaycanda Bakı şəhəri və Abşeron yarımadasında, o cümlədən azad olunmuş ərazilərdə və Naxçıvanda külək və günəş enerjisinin böyük potensialı barədə danışılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji təhlükəsizliyi ilə bağlı görülən işlər bu sahənin hərtərəfli inkişafına zəmin yaradaraq Naxçıvan enerji idxalçısından ixracat potensialına qədər böyük bir yol qət edib.

Sonra tədbir iştirakçılarında maraq doğuran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.