Bələdiyyə büdcəsinin formalaşmasına dair qanunvericiliyin tələbləri izah edilib
Oktyabrın 10-da Ordubad rayonunda “Bələdiyyələrin büdcəsinin formalaşması və maliyyə uçotunun aparılmasına dair qanunvericiliyin tələbləri” mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı keçirilən seminarda rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı təmin edilib.
Seminarı giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Hüseynov bələdiyyələrin ölkə həyatındakı mühüm rolundan bəhs edib və rayon üzrə görülən işlər barədə məlumat verib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin aparıcı məsləhətçisi Rövşən Mirzəyev “Bələdiyyələrin maliyyəsinin formalaşmasında qanunvericiliklə müəyyən edilən vəzifələr” mövzusunda çıxış edib. Bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar qanunvericilikdən irəli gələn məsələlər barədə məlumat verib. Bildirib ki, bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması, qanunvericilikdə müəyyənləşdirilmiş yerli vergi və ödənişlərin yerli büdcələrə ödənilməsinin təmin olunması istiqamətində bələdiyyələrə zəruri köməkliyin göstərilməsi Ədliyyə Nazirliyinin diqqət mərkəzində saxlanılır. Yerli özünüidarəetmə sahəsində nazirliyin funksiyalarına uyğun olaraq bələdiyyələrin işinin təşkilinə kömək, onlara metodoloji yardım göstərilməsi istiqamətində ardıcıl tədbirlər görülür, aidiyyəti dövlət orqanları ilə maarifləndirici tədbirlər keçirilir.
“Bələdiyyələrdə mühasibat uçotunun təşkili və maliyyə vəsaitlərinin idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri” barədə əsas məqamları isə Maliyyə Nazirliyinin gəlirlərin proqnozu şöbəsinin baş məsləhətçisi Miryaqub Seyidov diqqətə çatdırıb. Vurğulanıb ki, Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yerli büdcənin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.