Babək rayonunda yerliözünüidarəetmə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
Aprelin 06-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin inzibati binasında “Yerliözünüidarəetmə sahəsində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə tədbir keçirilib.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov tədbiri giriş sözü ilə açaraq, tədbirin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, bələdiyyələrin fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması qarşıda duran əsas vəzifələrdəndir.
Tədbirdə ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov çıxış edib. Bildirib ki, məqsədyönlü islahatların aparıldığı və ölkə həyatının bütün sahələrində tərəqqinin təmin edildiyi dövrdə bələdiyyələrin də fəaliyyətinin gücləndirilməsi zərurətə çevrilmişdir. Ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində islahatlar uğurla davam etdirilir. Müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən fəaliyyət istiqamətinə uyğun olaraq bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi, hüquqi maarifləndirilmə və onlara fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tədbirlər görülür. Aparılan işlər muxtar respublikada bələdiyyə fəaliyyətinin inkişafına, dövlətin və vətəndaşın mənafeyinə istiqamətlənib. Hər bir bələdiyyənin vəzifəli şəxsi də öz növbəsində torpaqların icarəyə və mülkiyyətə verilməsini, yerli vergi və ödənişlərin yığılması işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmalı və fəaliyyətini günün tələblərinə uyğun qurmalıdır.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov Babək rayonu üzrə bələdiyyələrin fəaliyyəti ilə bağlı çıxış edib, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı müəyyən edilmiş nöqsanlar ümumiləşdirilmiş şəkildə diqqətə çatdırılıb, rayon üzrə fəaliyyət göstərən bələdiyyələrdə görülən işlər barədə məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.