...

Babək rayonunda icra nümayəndələri üçün seminar keçirilib

25-06-2023 | 15:33

İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Babək rayonunun Şəkərabad Kənd Mərkəzində inzibati ərazi dairələri üzrə nümayəndəliklərin səlahiyyətli şəxslərinin iştirakı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirmə xarakterli seminar keçirilib.
Babək Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Muşfiq Məmmədsoy seminarı giriş sözü ilə açaraq mövzunun mahiyyəti barədə məlumat verib və təşkil edilən maarifləndirici seminarların əhəmiyyətini diqqətə çatdırıb.
Sonra nazirliyin Notariat bölməsinin rəisi Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi vəzifələrini icra edən Reyhanə Əsgərovanın “Doğumun qeydiyyatı zamanı müddət gecikməsi hallarının qarşısının alınmasına dair qanunvericiliyin tələbləri” və Notariat bölməsinin baş məsləhətçisi Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda çıxışları dinlənilib.
Çıxışlarda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinin, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsinin və nöqsanlara yol verilməməsinin vacibliyi barədə məlumat verilib. Bildirilib ki, yerli icra nümayəndəliklərinin vəzifəli şəxsləri tərəfindən doğumun, ölümün, nikahın qeydiyyatı, eyni zamanda notariat hərəkətləri aparılarkən qanunvericiliyin tələblərinə əməl edilməli, kargüzarlıq qaydaları qorunmalıdır.
Seminarın sonunda verilən suallara aydınlıq gətirilib və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin səlahiyyətli şəxslərinə “Ananın ünvanına göndərilən bildiriş nümunələri” paylanılıb.