Azərbaycanda “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilir
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu tərəfindən Türk Ədliyyə Təlim Şəbəkəsinin fəaliyyəti çərçivəsində “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransın açılış mərasimində Ədliyyə naziri Fərid Əhmədov, Baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Sədi Cəfərov iştirak edib.
04-05 iyun tarixlərində Bakı şəhərində keçirilən konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasından 30-a yaxın nümayəndə iştirak edir. Konfrans müasir dünyanın çağırışlarına və “Türk Dünyasına Baxış 2040” sənədinin məqsədlərinə uyğun olaraq türk dövlətlərində müasir informasiya texnologiyalarının hüquqi sahədə tətbiqi və istifadəsinin genişləndirilməsi imkanlarının müzakirə edilməsinə yönəlib.
Türk dövlətləri arasında əməkdaşlığın miqyasının genişlənməsi, gələcək inteqrasiya hədəfləri üzrə fəaliyyətlərin güclənməsi, xüsusilə də ölkələrin iqtisadi və mülki qanunvericilik sistemlərinin yaxınlaşdırılması məqsədilə Türkiyə Ədliyyə Akademiyası və Qazaxıstan Respublikası Ali Məhkəməsi yanında Ədliyyə Akademiyasının rektorlarının, Özbəkistan Respublikasının Məhkəmə-Hüquq Şurası yanında Ali Hakimlər Məktəbinin direktorunun da iştirakı ilə keçirilən konfrans, Türk dövlətlərinin ədliyyə işçilərinin, hakimlərin və prokurorların təlimi ilə məşğul olan qurumların nümayəndələrini, praktiki hüquqşünasları, hüquqşünas alimləri və elm müəssisələrini bir araya gətirib.
2 gün davam edəcək konfransda Türk dövlətlərində məhkəmə, eləcə də prokurorluq sistemlərində elektron informasiya texnologiyalarından istifadə, ölkələrin mülki qanunvericiliyinin təhlili və yaxşılaşdırılması, hakim və prokurorların tədrisində elmi tədqiqatların və tədrisin təşkil olunmasında elektron texnologiyaların rolu mövzularında panel sessiyalar və müzakirələr keçiriləcək.
Qeyd edək ki, Türk Ədliyyə Təlimi Şəbəkəsi 12 dekabr 2022-ci il tarixli İstanbul Anlaşma Memorandumu əsasında Türk Dövlətləri Təşkilatına daxil olan ölkələri təmsil edən 11 ixtisaslaşmış tədris qurumu tərəfindən təsis edilib. Şəbəkənin ilk həmsədri 2023-cü ildə Türkiyə Ədliyyə Akademiyası olub. Ötən ilin 28 dekabr tarixində növbəti il üçün həmsədrliyin Azərbaycana verilməsi barədə qərar yekdilliklə qəbul olunub. Hal-hazırda Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi Şəbəkənin 2024-cü il üzrə həmsədrləridir.