...

Azərbaycan və Qırğızıstan Ədliyyə nazirlikləri arasında Saziş imzalanıb

24-04-2024 | 18:08

Aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilib.

Mərasimdə iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər, o cümlədən “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş” imzalanıb.

Sazişi ölkəmizin ədliyyə naziri Fərid Əhmədov və Qırğızıstanın ədliyyə naziri Ayaz Bayetov imzalayıblar.

Həmin Saziş ədliyyə orqanları arasında qanunvericilik, müasir informasiya texnologiyalarının inkişafı və tətbiqi, ədliyyə xidmətlərinin göstərilməsi imkanlarının sadələşdirilməsi, kadrların hazırlığı və tədrisi, notariat, penitensiar və probasiya sistemlərinin müasirləşdirilməsi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini, bu məqsədlə təcrübə mübadiləsinin aparılmasını, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini və birgə tədbirlərin təşkilini nəzərdə tutur.

Hüquqi sahədə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edən Saziş iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini, o cümlədən ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyəti zənginləşdirməklə ədliyyə institutlarının rolunun artmasına və müasir tendensiyalara uyğun inkişafına mühüm töhfə olacaqdır.