“Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı-20 il” mövzusunda tədbir keçirilib.
Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Prezident İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar olaraq “Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı-20 il” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və onun layiqli davamçısı - Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin və qətiyyətli fəaliyyəti nəticəsində ölkəmizin ərazi bütövlüyü istiqamətində zəruri addımların atılması ilə mühüm tarixi hadisələrə şahidlik edirik. Bu gün 20 il bundan əvvəl, oktyabr ayının 15-də keçirilmiş növbəti Prezident seçkilərində öz seçimini etmiş Azərbaycan xalqı seçimi ilə qurur duyur. 2003-cü ildə verilən hər bir sözün, hər bir vədin həyata keçirildiyinin şahidi olur.
Ölkə başçısının yüksək dövlətçilik amallarına söykənən təşəbbüsləri, ölkənin tərəqqisinə hesablanan uzaqgörən və müdrik addımları ilə ilk günlərdən xalqımızın dərin rəğbətini qazanan dövlətimizin başçısı ötən 20 il ərzində müstəqil güclü Azərbaycan dövlətinin hərtərəfli, davamlı tərəqqisini təmin etməklə, Vətən müharibəsində parlaq qələbə ilə torpaqlarımızı 30 illik erməni işğalından azad etməklə müasir tariximizin qızıl səhifələrini yazmışdır.
Hakimiyyətdə olduğu illər ərzində ölkə həyatının bütün sahələrində cənab Prezidentin rəhbərliyi ilə islahatlar aparılıb və inkişaf müşahidə edilib. Dövlət başçısının ilk gündən qəbul etdiyi uzunmüddətli strategiyaların, dövlət proqramlarının və milli fəaliyyət planlarının uğurlu icrası respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahına xidmət etmişdir.
Hüseyn Səfərov bildirib ki, hər zaman Azərbaycan xalqı onu ön planda tutan liderimizin ətrafında sıx birləşərək, müasir tariximizin uğurlu sərkərdəsinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox-çox uğurların sevincini yaşayacaq, yeni-yeni möhtəşəm qələbələrin şahidi olacaq.
Tədbirdə nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov “Azərbaycan tarixində 20 illik İlham Əliyev zirvəsi” mövzusunda çıxış edərək bildirib ki, ötən 20 il ərzində dövlət başçısının həyata keçirdiyi tədbirlər nəticəsində ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, ədliyyə fəaliyyətinin mükkəməl normativ hüquqi bazası yaradılmış, ədliyyə işi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılmış, onun üzərinə yeni mühüm vəzifələr qoyulmuş, gələcək inkişafına dair əhatəli Dövlət Proqramları qəbul edilmişdir. Eləcə də insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur.
Qanunvericilik bölməsinin rəisi Ayaz Məhərrəmov “Ulu Öndərin dövlətçilik məktəbinin mahir yetirməsi” mövzusunda çıxış edib. Bildirib ki, xalqımızın müasir dövrdə yeni lideri olan İlham Əliyevin ölkəyə Prezidentlik etdiyi 2003-2023-cü illər ölkə tariximizə yüksəliş dövrü kimi daxil olub. Bu gün Ulu Öndərin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkişafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş, İlham Əliyev kimi müdrik, mahir və qətiyyətli siyasətçi rəhbərlik edir. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.
Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Reyhanə Əsgərova çıxışında bildirib ki, ötən 20 il ərzində ölkə başçısı cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunumuş çoxsaylı qanunlar, imzaladığı mühüm fərman və sərəncamlar bu sahədə fəaliyyətin müasir çağırışlara uyğun təkmilləşdirilməsinə xidmət edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin 20 illik fəaliyyətinin qısa bir dövrünü əhatə edən sənədli filmə baxılıb.