...

“Azərbaycan dövləti daima insan hüquqlarının təminatçısıdır” mövzusunda tədbir keçirilib

09-06-2026 | 17:59

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində “Azərbaycan dövləti daima insan hüquqlarının təminatçısıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları, Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndələri və məhkumlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov açaraq mövzunun əhəmiyyətindən danışıb. O, ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunduğunu, bu sahədə həyata keçirilən islahatların hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

Sonra Kəngərli Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Rəşad Həsənzadə çıxış edərək insan hüquqlarının müdafiəsi istiqamətində dövlət siyasətindən, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlərdən bəhs edib.

Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin tərbiyə işinin təşkili bölməsinin inspektoru, ədliyyə mayoru Turqut Məmmədov isə penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının qorunması, onların sosial reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbir çərçivəsində insan hüquqlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.