...

Ali təhsil müəssisəsi ilə qarşılıqlı əməkdaşlıq davam etdirilir

21-02-2025 | 18:39

Məlum olduğu kimi fevralın 20-də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində 2024-2025-ci tədris ilinə dair təcrübələrin başlanğıc konfransı, dövlət-universitet-sənaye əməkdaşlıq platformasının görüşü olub.

Həmin tədbir çərçivəsində. Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziliyində Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin və pedoqoji heyətin iştirakı ilə istehsalat təcrübəsinin başlanması ilə əlaqədar görüş olub.

Tələbələrlə görüşən Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazirinin müavini Hüseyn Səfərov qeyd edib  ki, nazirlik mütəmadi olaraq Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı sıx əməkdaşlıq edir. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin 2024-2025-ci tədris ili üçün birgə təsdiq etdikləri tədbirlər planına uyğun olaraq cari ilin fevral-iyul ayları ərzində tələbələrin nazirlikdə və tabe qurumlarda istehsalat təcrübəsinə cəlb edilmələri nəzərdə tutulmuşdur. Hüquqşünaslıq, dövlət və  bələdiyyə idarəetməsi sahəsində ixtisaslı kadrların keyfiyyətli təhsil alması ilə bərabər, təcrübə və bacarıqlarının artırılması da mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı şəkildə təsdiq edilən müqaviləyə əsasən universitetin müvafiq ixtisasları üzrə təhsil alan tələbələri nazirlikdə və yerli qurumlarda təcrübə kursları keçir, nazirliyin əməkdaşları tərəfindən xidmət sahələrində görülən işlərlə yaxından tanış edilirlər. Gələcəkdə də bu cür əlaqələrin davam etdirilməsi tələbələrin peşə seçiminə köməklik göstərəcək, ədliyyə orqanlarında qulluq etmək marağını artıracaqdır. Tələbələrə təcrübə kurslarının əhəmiyyəti, onların bilik və bacarıqlarının artırılmasında və peşə seçimində mühüm əhəmiyyəti barədə məlumat verilmişdir.

Görüş zamanı Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin müəllimləri Elman Abbasov və Tofiq Hüseynov çıxış ediblər.