“Ailə mübahisələrinin hüquqi tənzimlənməsi”nə həsr olunan tədbir keçirilib
Avqustun 30-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi aidiyyəti orqanlarla birgə Şərur şəhər Mərkəzində rayon sakinlərinin iştirakı ilə maarifləndirici tədbir keçirib.
“Ailə mübahisələrinin hüquqi tənzimlənməsi” mövzusuna həsr olunan tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində şöbə müdirinin müavini Kamal İsmayılov iştirakçılara mövzunun mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.
Əvvəlcə “Ailə institutlarının formalaşmasında tərəflərin rolu” barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edib. Ökəmizdə ailə institutlarının milli düşüncə tərzi üzərində qurulmasından ətraflı bəhs edərək, qanunvericilikdə ailədə tərəflərin rolunu müəyyən edən əsas müddəaları diqqətə çatdırıb.
Sonra Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Reyhanə Əsgərova “Qanunvericilikdə ailə faktoru”ndan bəhs edərək, bildirib ki, respublikamızda ailə dövlət tərəfindən qorunur və himayə edilir. Qanunlarımız ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Dövlətin bu sahədəki siyasətini özündə ehtiva edən Ailə Məcəlləsində isə Azərbaycan Respublikası Konstitusiyasında ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edilmişdir.
Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov “Ailə mübahisələrində mediasiya institunun əhəmiyyəti və nikahın davam etdirilməsi şərtləri”ndən danışıb. Ailə münaqişələrinin həllində mediasiya prosesindən, bu prosesin məhkəmə prosesindən fərqli tərəfləri və üstün xüsusiyyətləri barədə məlumat verib, ər-arvad münasibətlərinin tənzimlənməsi və kompromis yaratmağın yolları, şərtləri və nəticələrindən bəhs edib. Qeyd olunub ki, mediasiyaya müraciət edilmiş ailə münaqişələrinin əksəriyyəti barışıq müqaviləsinin bağlanması ilə nəticələnir.
Sonda sakinləri maraqlandıran suallar cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişdir.