...

Ailə institutunun inkişafına həsr edilən tədbir keçirilib

24-06-2023 | 10:34

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunda sakinlərin iştirakı ilə “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Məmmədov tədbirin mövzusu və mahiyyəti haqqında məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev “Ailə dəyərlərimiz milli dəyərlərimizin əsasıdır” mövzusunda çıxış edərək ölkəmizdə ailələrə və xüsusilə də gənc ailələrə göstərilən dövlət qayğısından ətraflı bəhs edib. Qeyd olunub ki, ailə uşaqlara təhsilin, tərbiyənin öyrədildiyi, milli dəyərlərin köçürüldüyü əhəmiyyətli bir müəssisə, şəxsiyyətin və xarakterin formalaşdığı başlanğıc mühit, nüvə təşkilatıdır.
“Nikahın qeydə alınması” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi vəzifələrini icra edən Reyhanə Əsgərova nikahın bağlanmasının qaydaları, şərtləri, nikahın bağlanmasına mane olan hallar və nikah müqaviləsi barədə məlumat verib, müvafiq sahə ilə bağlı sualları cavablandırıb.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Ümumi təbabət klinik fənlər kafedrasının müdiri, həkim-ginekoloq, dosent, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindədir” mövzusunda çıxış edərək gənc ailələrin və dünyaya gələcək körpələrin sağlamlıqları üçün preventiv tədbirlər haqqında ətraflı məlumat verib.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə bağlı hazırlanmış broşürlər paylanılıb.