...

Ailə institutunun inkişafı ilə bağlı növbəti maarifləndirici  tədbir keçirilb

26-05-2023 | 17:14

Mayın 26-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  və Naxçıvan Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə Şahbuz rayonunun Aşağı Qışlaq Kənd Mərkəzində “Ailə mübahisələrinin hüquqi tənzimlənməsi” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Rayon sakinlərinin iştirakı etdiyi tədbirdə Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Sevindik Abdullayev çıxış edərək iştirakçılara mövzunun mahiyyəti ilə bağlı məlumat verib, tədbirin əhəmiyyətindən danışıb.

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi Həbibə Əliyeva “Qanunvericilikdə ailə faktoru”ndan bəhs edərək, bildirib ki, respublikamızda ailə dövlət tərəfindən qorunur və himayə edilir. Qanunlarımız ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Qeyd olunub ki, bu sahədə dövlət siyasətini özündə ehtiva edən Azərbaycan Respublikası Ailə Məcəlləsində ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edilmişdir.

“Ailə institutlarının formalaşmasında tərəflərin rolu” barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova çıxış edib. Ökəmizdə ailə institutlarının milli düşüncə tərzi üzərində qurulmasından ətraflı bəhs edərək, qanunvericilikdə ailədə tərəflərin rolunu müəyyən edən əsas müddəaları diqqətə çatdırıb.

 “Ailə mübahisələrində mediasiya institunun əhəmiyyəti və nikahın davam etdirilməsi şərtləri” barədə Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov məlumat verib. Ailə münaqişələrinin həllində mediasiya prosesindən, bu prosesin məhkəmə prosesindən fərqli tərəfləri və üstün xüsusiyyətlərindən, ailədə ər-arvad münasibətlərinin tənzimlənməsi və kompromis yaratmağın yolları, şərtləri və nəticələrindən bəhs edib.

Sonra Ədliyyə Nazirliyinin Notariat bölməsinin baş məsləhətçisi Nərminə Əlizadə “Məişət zorakılığının fəsadları və onunla mübarizə üsülları” mövzusunda çıxış edib. Çıxışında cəmiyyət zorakılığının formaları barədə danışıb, qanunvericilkdə nəzərdə tutulan mübarizə üsülları, mühafizə ordenin verilməsi qaydaları barədə ətraflı məlumat verib.

Sonda sakinləri maraqlandıran suallar cavablandırılıb, onları narahat edən məsələlərə aydınlıq gətirilib.

 

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti