"Ağdam şəhəri günü" qeyd olunub
Noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində və cəzaçəkmə müəssisələrində əməkdaşların iştirakı ilə “Ağdam şəhəri günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Keçirilən tədbirlərdə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, torpaqlarımızın işğaldan azad edilməsində iştirak edən Vətən övladlarının əziz xatirəsinin ürəklərdə daim yaşayacaqları bildirilib.
Tədbirlərdə işğal dövründə viran qoyulan Ağdam şəhərində işğaldan azad olunandan sonra geniş bərpa, abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə başlanılmasından danışılıb, şəhərin siyasi və iqtisadi əhəmiyyəti barədə geniş məlumat verilib. Qeyd olunub ki, 2020-ci il noyabr ayının 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olub, dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.