“8 Noyabr – Zəfər Günü” münasibətilə Penitensiar Xidmətdə tədbir keçirilib
Azərbaycan Respublikasının “8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir Azərbaycan xalqının milli qürur günü olan “Zəfər Günü”nə həsr olunub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov açıb. O, çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Əli Rəhimov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasətin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış möhtəşəm qələbənin nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, xalqımız uzun illər həsrətində olduğu doğma torpaqlara qovuşub.
Çıxış edən Penitensiar Xidmətin Strateji planlaşdırma və monitorinq şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Səid Haxverdiyev 44 günlük Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan Ordusunun qazandığı bu tarixi Zəfər ölkəmizin gücünü, birliyini və dövlətçiliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.
Penitensiar Xidmətin Tərbiyə işinin təşkili bölməsinin inspektoru, ədliyyə mayoru Turqut Məmmədov isə çıxışında müharibədə canından keçən şəhidlərimizin və qazilərimizin göstərdiyi igidliklərdən danışıb. O bildirib ki, bu qəhrəmanlıq nümunələri gənc nəsil üçün bir vətənpərvərlik məktəbidir və hər bir Azərbaycan vətəndaşı bu qələbə ilə qürur duyur.
Çıxışlarda həmçinin vurğulanıb ki, Azərbaycan Ordusunun əldə etdiyi bu tarixi uğur təkcə hərbi qələbə deyil, həm də milli birliyin, xalqın öz liderinə olan inamının, dövlətin gücünün təntənəsidir.
Tədbirin sonunda II Qarabağ müharibəsinə həsr olunmuş “Zəfər Günü” adlı sənədli film nümayiş etdirilib.
![]() |
![]() |
![]() |
![]() |



