“27 Sentyabr-Anım Günü” ilə bağlı tədbir keçirilib
Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin aparatında əməkdaşların iştirakı ilə “27 Sentyabr-Anım Günü”nə həsr olunan tədbir keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi Əli Rəhimov 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın ayağa qalxaraq, canı, qanı bahasına torpaqlarımız uğrunda gedən haqq mübarizəsindən danışıb.
Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru Nizami Nəcəfov çıxış edərək Azərbaycan xalqının 2020-ci il sentyabrın 27-də silaha sarılaraq, qəhrəman Azərbaycan oğullarının 30 il işğal altında qalan torpaqlarımızı azad edərək haqq savaşında qazandığımız qələbənin qürurverici təəssüratlarından danışıb. Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandan Ölkə Prezidenti İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək göstərdiyi şücaət, qəhrəmanlıqların xalqımızı və dövlətimizin qüdrətini bir daha dünyaya göstərdiyini diqqətə çatdırıb. Təəssüflə qeyd olunub ki, heç bir müharibə itkisiz ötüşmür və 44 günlük müharibədə də Vətənimizin bütövlüyü uğrunda canlarından keçən fədakar oğullarımız oldu.
Yüz illər keçsə də, Azərbaycan xalqı heç vaxt qəhrəman oğullarını, öz şəhidlərini unutmayacaq, onların xatirələri ehtiramla yad ediləcək.
Tədbirdə Vətən Müharibəsində şücaət göstərərək qəhrəmancasına şəhid olan oğulların xatirələrindən danışılıb.