...

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti özünün ən qüdrətli dövrünü yaşayır (ədliyyə naziri Fikrət Məmmədovun məqaləsi)

17-10-2023 | 18:33

Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman özünün parlaq dühaları, mütəfəkkirləri, dövlət xadimləri ilə haqlı olaraq fəxr edir. Zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından öz fitri istedadı, siyasi fəhmi və dəmir iradəsi ilə uğurla çıxaraq xalqını müstəqilliyə qovuşdurmuş Heydər Əliyev məhz belə qüdrətli şəxsiyyətlərdəndir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə dahi Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

Bu il anadan olmasının 100 illiyini geniş qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir.

Xalqımızın gələcəyini düşünən dahi lider zamanı qabaqlayaraq, ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikamızın davamlı inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görmüş, Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atmışdır. Ən başlıcası isə, Heydər Əliyev xalqımızın milli sərvəti olan idarəçilik məktəbini yaratmış, özünün siyasi varisini yetişdirmişdir.

2003-cü ildə Ulu Öndər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Həmin il oktyabrın 15-də keçirilən prezident seçkilərində böyük etimad göstərərək, cənab İlham Əliyevə elliklə səs verən Azərbaycan xalqı öz tarixi seçiminin düzgünlüyünə illər keçdikcə bir daha əmin olur və inanır ki, Azərbaycanın bu günü və sabahının qarantı, dövlətimizin və xalqımızın rifahının və firavanlığının, sülhün və sabitliyin yeganə təminatçısı cənab İlham Əliyevdir.

Özünün yüksək dövlətçilik amallarına söykənən təşəbbüsləri, ölkənin tərəqqisinə hesablanan uzaqgörən və müdrik addımları ilə ilk günlərdən xalqımızın dərin rəğbətini qazanan dövlətimizin başçısı ötən 20 il ərzində müstəqil güclü Azərbaycan dövlətinin hərtərəfli davamlı tərəqqisini təmin etməklə, Vətən müharibəsində parlaq qələbə ilə torpaqlarımızı 30 illik erməni işğalından azad etməklə müasir tariximizin qızıl səhifələrini yazmışdır.

Bu illər ərzində elə bir sahə olmamışdır ki, cənab Prezidentin rəhbərliyi ilə orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin. Son 20 ildə ümumi daxili məhsul dörd dəfə artmış, yoxsulluq 10 dəfəyədək azalmış, ölkə iqtisadiyyatına 300 milyard dollardan çox sərmayə qoyulmuş, büdcə gəlirlərimiz 30 dəfədən artıq çoxalmışdır. Builki dövlət büdcəmiz rekord həddə çataraq, 33 milyard manatı ötmüşdür.

Dövlət başçısının ilk gündən qəbul etdiyi uzunmüddətli strategiyaların, dövlət proqramlarının və milli fəaliyyət planlarının uğurlu icrası respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahına xidmət etmişdir.

Azərbaycanın sabit və təhlükəsiz şəraitdə hərtərəfli inkişafı, iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, o cümlədən dünyanın ən islahatçı dövlətlərindən birinə çevrilməsi, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi dövlətimizin başçısının məqsədyönlü siyasətinin əyani təzahürüdür.

Cənab Prezident bu illər ərzində, həmçinin Azərbaycanı kosmik dövlətə çevirərək dünyada sayı məhdud olan kosmik ölkələr sırasında mövqeyini möhkəmlətmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə yarım əsr əvvəl SSRİ məkanında ilk dəfə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan bu günlərdə yenidən uğurla ev sahibliyi edərək onun işinə mühüm töhfələr vermiş, Bakı Konqresində qurumun tarixində ilk dəfə 132 dövlətdən 5400-dən çox nümayəndə iştirak etmiş və 55 təşkilat eyni vaxtda federasiyaya üzv qəbul olunmuşdur.

Dünya siyasətinə dərindən bələd olan müasir lider, cənab Prezident İlham Əliyevin yürütdüyü və milli maraqlarımıza xidmət edən uğurlu xarici siyasəti nəticəsində 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərək özünün pozulmuş ərazi bütövlüyü məsələsini bu yüksək qurumun gündəliyinə çıxarmaq imkanı qazanmış, beynəlxalq sülh və sabitliyin qorunmasına, ölkələrin davamlı inkişafına töhfələrini əsirgəməmişdir.

Eyni zamanda, ötən dövrdə BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına Azərbaycan uğurla, o cümlədən əlavə bir il müddətinə sədrlik etmiş, cənab Prezident İlham Əliyev qlobal təşəbbüsləri ilə bu Hərəkatın beynəlxalq nüfuzunu yüksəltmiş, dövlətlərin təşkilatlanması ideyasını irəli sürərək parlament və gənclər şəbəkəsi yaradılmış, dünya ictimaiyyətini həmin dövrdə hökm sürən COVID-19 pandemiyası kimi bəşəri təhdidlə mübarizəyə səfərbər etmişdir. Qoşulmama Hərəkatı ölkələri isə Azərbaycanın ədalətli və haqlı mövqeyinə hər zaman, o cümlədən Vətən müharibəsi və ondan sonrakı dövrdə dəstək göstərməklə etibarlı tərəfdaş olduqlarını nümayiş etdirmişlər.

Yeni dirçəliş içərisində olan Türk dünyası ilə əlaqələrin də möhkəmləndirilməsi bu illər ərzində Prezidentin xarici siyasətinin əsas prioritetlərindən biri olmuş və ölkəmiz türk dünyasının sıx birləşməsinə daim öz töhfəsini vermiş, 2009-cu ildə Türk ölkələri dövlət başçılarının Naxçıvanda keçirilmiş Zirvə görüşündə imzalanmış Saziş ilə Türk Dövlətləri Təşkilatı yaradılmışdır. Cənab Prezidentin Türkdilli dövlətlərin rəhbərləri ilə mütəmadi görüşləri və tarixi sənədlərin imzalanması bu əlaqələrin dinamik inkişafda olmasının bariz təzahürüdür.

Bütün bunlar onu göstərir ki, mövcud dünya reallıqlarını düzgün qiymətləndirməyi bacaran, dövlətlərarası münasibətlərin ən mürəkkəb məqamlarını bütün incəliklərinə kimi mənimsəmiş Prezident İlham Əliyev diplomatik məharəti, yüksək intellektual səviyyəsi ilə beynəlxalq miqyaslı siyasi xadim kimi aparıcı dövlətlərin liderləri arasında böyük hörmət və rəğbət qazanmışdır. Tükənməz enerjiyə malik olan İlham Əliyevin xarici ölkələrə müntəzəm səfərləri, dövlət və hökumət başçıları ilə aparılan faydalı danışıqlar, imzalanan mühüm sənədlər, nüfuzlu siyasi və iqtisadi dairələrdə keçirdiyi görüşlər, mötəbər beynəlxalq forumlarda çıxışları, dünyanın ən aparıcı media resurslarına müxtəlif dillərdə verdiyi geniş müsahibələr dövlətimizin müsbət imicini və nüfuzunu möhkəmləndirir, ölkəmizə olan marağı daha da artırır. Artıq bir çox beynəlxalq forumlara dövlətimizin başçısı İlham Əliyevin dəvət olunması bir növ zərurətə çevrilmiş, Azərbaycanda mötəbər beynəlxalq təşkilatların tədbirlərinin keçirilməsi ənənəvi xarakter almışdır.

Təsadüfi deyil ki, bu gün dünyada yüksək nüfuza və hörmətə malik olan dövlətimizin başçısının bənzərsiz diplomatik imici, müstəqil daxili və xarici siyasəti digər dövlətlərin liderlərinin, ən nüfuzlu və tanınmış xarici bioqraf və tarixçilərin diqqətini cəlb edir.

Bütün bunlar hər bir azərbaycanlıda böyük iftixar hissləri doğurmaqla xalqımızı dünya miqyaslı siyasi xadim, müdrik və demokratik təfəkkürə malik dövlətimizin başçısının ətrafında daha sıx birləşdirir.

“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, - deyən cənab Prezident çoxşaxəli dövləti fəaliyyətində vaxtilə xalqımızın ən ağrılı yeri olan Qarabağ münaqişəsinin həllini daim xüsusi diqqətdə saxlamış, bununla bağlı, ilk növbədə, iqtisadiyyatımızı gücləndirərək onun davamlı tərəqqisini təmin etmiş, müasir ordu quruculuğunu, müdafiə sənayesini inkişaf etdirərək Azərbaycan Ordusunu ən modern silah və hərbi texnika ilə təchiz olunmaqla dünyanın güclü ordularından birinə çevirmiş, torpaqlarımızı işğaldan azad etməyə qadir vətənpərvər yeni nəsil yetişdirmiş, Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmdə qətiyyətlə müdafiə edərək əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.

Bunun nəticəsi olaraq 2020-ci ildə Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qəhrəman zabit və əsgərlərimizin şücaəti və fədakarlığı ilə müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etməklə Ulu Öndər Heydər Əliyevin ən ümdə arzusunu reallığa çevirmiş, tarixi ədaləti bərpa etmişdir.

Erməni işğalına son qoyan Vətən müharibəsi bölgədə yeni reallıq yaratmış, Azərbaycan davamlı sülhün tərəfdarı olaraq iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı hər zaman xoş niyyət nümayiş etdirmişdir. Lakin bundan sui-istifadə edən Ermənistan tərəfi müharibənin başa çatmasına baxmayaraq ərazilərimizi, işğal dövründə olduğu kimi, minalamaqda davam etmiş, qanunsuz erməni silahlı birləşmələrini Qarabağdan çıxarmamışdır.

Bununla əlaqədar həyata keçirilən ardıcıl və qəti addımlar – Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, ötən ay isə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Ermənistanın torpaqlarımızda qanunsuz fəaliyyətinə, separatizmə birdəfəlik son qoymuş, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilmişdir.

Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızı geri qaytarmaqla Azərbaycanı qalib ölkəyə çevirmiş, xalqımızın milli mənliyini, mənəvi ruhunu yüksəltmişdir. Dövlət başçısının qeyd etdiyi kimi, "Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır". Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu böyük zəfəri xalqımıza yaşadan Prezident İlham Əliyev adını doğma torpaqlarımızın xilaskarı kimi tariximizə əbədi həkk etdirmişdir.

Bu gün tam əminliklə söyləyə bilərik ki, müstəqil, suveren Azərbaycan dövləti möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır.

Milli qürur mənbəyimiz olan üçrəngli bayrağımız möhtərəm Prezidentimiz tərəfindən azad edilmiş ərazilərimizdə ucaldılaraq vüqarla dalğalanır. Dövlət başçısının sarsılmaz iradəsi və yorulmaz fəaliyyəti sayəsində doğma torpaqlarımızda nəhəng bərpa-quruculuq işləri aparılaraq Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir, düşmən tapdağında əzilmiş, viran olmuş, təbii sərvətləri talan edilmiş, ekologiyası məhv edilmiş ərazilərimizdə 30 ildən sonra yenidən həyat canlanır.

Qısa müddətdə regionun inkişafı və əhalinin yaşayışının təmin olunması üçün zəruri infrastrukturun yenidən qurulması, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərimizin smart konsepsiya əsasında bərpa edilən rayon və kəndlərə qayıdışı hər bir azərbaycanlını ürəkdən sevindirir.

Dövlət başçısının ən sadiq silahdaşı, respublikamızın sosial-iqtisadi tərəqqisinə mühüm töhfələr verən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi, mədəni və dini abidələrimizin bərpası ilə bağlı mühüm layihələrin həyata keçirilməsi xüsusi qeyd olunmalıdır.

Ölkə Prezidentinin təsdiq etdiyi 2030-cu ilədək Milli Prioritetlərə uyğun olaraq növbəti onillikdə ölkənin sosial-iqtisadi tərəqqisinin davamlılığı, inklüziv cəmiyyətin və müasir innovasiyaların inkişafı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, vətəndaşların rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlığı təmin ediləcəkdir.

Cənab Prezident İlham Əliyev fəaliyyətinin və dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edərək xalqa xidmətləri ilə hər bir vətəndaşın prezidenti olduğunu sübut edir. Rəhbərliyinin ilk dövrlərindən başlayaraq bugünkü qüdrətli Azərbaycan naminə məqsəd və hədəflərə çatmaq üçün gərgin əməyi və müstəsna xidmətləri sayəsində ölkəmiz sürətli tərəqqi yolu keçir, bütün sahələrdə mühüm uğurlara imza atır.

Respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemində aparılan mütərəqqi islahatların müəllifi də məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.

Ötən 20 il ərzində dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş çoxsaylı qanunlar, imzaladığı mühüm fərman və sərəncamlar bu sahədə fəaliyyətin müasir çağırışlara uyğun təkmilləşdirilməsinə xidmət etmişdir.

2006-cı ildə nazirliyin yeni əsasnaməsi qəbul edilərək, ona hüquq mühafizə orqanı statusu verilmiş, strukturu təsdiq olunaraq nazirlikdə yeni qurumlar - Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, müxtəlif reyestrlər yaradılmış, habelə Ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramlarının qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir.

Ölkə Prezidentinin rəhbərliyi ilə ötən dövrdə respublikamızın sürətli sosial-iqtisadi yüksəlişi vətəndaşlarımıza mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaratmışdır. Bu sahədə mühüm rol oynayan notariat institutunun inkişafı, o cümlədən xüsusiləşməsi, “Elektron notariat” informasiya sisteminin, geniş populyarlıq qazanan və məmnunluq doğuran “Mobil notariat”ın, “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmətin tətbiqi əhaliyə məsafədən, daha rahat və əlçatan xidmətlərin göstərilməsini təmin etmişdir.

Bu sahədə nailiyyətlərimiz beynəlxalq maraq doğuraraq artıq yenicə yaradılmış Türk Dünyası Notariuslar Birliyi çərçivəsində də türk ölkələri ilə müsbət təcrübəmizi bölüşmək imkanı yaranmışdır. Ümumiyyətlə, türk dövlətləri ilə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edilir, qarşılıqlı səfərlər həyata keçirilir, birgə tədbirlər təşkil olunur. Artıq Ədliyyə Akademiyalarının Tədris üzrə Türk Şəbəkəsi yaradılmış, Ali məhkəmələrin sədrlərinin Azərbaycanda tezliklə toplantısı keçiriləcəkdir.

Ədliyyə orqanları dövlət başçısının müəllifi olduğu və dünyada Azərbaycan brendi kimi tanınan, müxtəlif dövlət orqanlarının vahid məkanda əhaliyə şəffaf və rahat xidmətlər göstərən “ASAN xidmət” çərçivəsində də vətəndaşlara mühüm xidmətlər göstərməklə ümumi işə öz töhfələrini verirlər.

Eyni zamanda ölkə başçısının ictimaiyyəti hər zaman dövlət idarəetməsində fəal iştiraka, ictimai nəzarətə çağırışı, vətəndaşlara xidmət sahəsində şəffaf və innovativ metodların geniş və səmərəli tətbiqinə üstünlük verməsi cəmiyyətimiz tərəfindən daim dəstəklənir. Bu məqsədlə dövlət başçısının çağırışlarına fəal qoşulan Ədliyyə Nazirliyi tərəfindən 2006-cı ildən ədliyyə sahəsində İctimai Şura yaradılaraq səmərəli ictimai iştirakçılıq və ictimai nəzarət həyata keçirilir.

Azərbaycanda qanunun aliliyini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını siyasətinin ən mühüm prioriteti kimi müəyyən edən Prezident İlham Əliyev bunu ötən müddət ərzində insanlara qayğıkeş münasibəti, humanist fəaliyyəti ilə sübut etmişdir.

Cənab Prezidentin 20 il ərzində imzaladığı 37 əfv fərmanı və sərəncamı, özünün və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktları ilə on minlərlə məhkum azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunmuş, onların ailələrinə sevinc bəxş edilmişdir.

Dövlətimizin başçısı bununla Azərbaycanda ali humanist dəyərlərə üstünlük verdiyini bir daha nümayiş etdirmiş, azadlığa qovuşan şəxslərin bundan düzgün nəticə çıxarmalarına və dövlətimizin qanunlarına dönmədən əməl etmələrinə inam ifadə etmişdir.

Məhkumların azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı da dövlətimizin daim diqqətində olaraq 2007-ci ildə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" ayrıca qanun qəbul edilmişdir.

Bundan əlavə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər görülmüşdür. Dövlət başçısının təşəbbüsü ilə 2016-cı ildə iqtisadi cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilmiş, 10 fevral 2017-ci il və 3 aprel 2019-cu il tarixli Sərəncam və Fərmanla bu tədbirlər davam etdirilərək cinayət qanunvericiliyinə edilmiş əsaslı dəyişikliklərlə bir çox əməllər dekriminallaşdırılmış, azadlıqdan məhrumetməyə alternativ cəza kimi azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunmuş, ölkəmizdə alternativ cəzaların icrası üçün probasiya xidməti yaradılmışdır. Görülən bu tədbirlər məhkumların azadlıqdan məhrum edilmədən elektron nəzarət vasitələri (qolbaqlar) geniş tətbiq olunmaqla islahına xidmət etmişdir.

İnsan haqlarının, o cümlədən məhkumların hüquqlarının etibarlı təmin olunmasına daim xüsusi önəm verən Prezident İlham Əliyev azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılmasını qarşıya mühüm vəzifə kimi qoymuş və ötən dövrdə nazirlik tərəfindən dövlət başçısının tapşırığına uyğun olaraq paytaxtda və bölgələrdə yeni penitensiar müəssisələr inşa olunaraq istifadəyə verilmişdir.

Təsadüfi deyil ki, cənab Prezident Bakıda həm təqsirləndirilən şəxslər üçün beynəlxalq standartlara uyğun inşa olunmuş istintaq təcridxanasına, həm də cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün penitensiar müəssisələrə şəxsən baş çəkərək yaradılan müasir şəraitlə yerində tanış olmuşdur.

Prezident İlham Əliyev ölkəmizin hərtərəfli inkişafı, demokratik, hüquqi dövlətin möhkəmlənməsi üçün məhkəmə sisteminin təkmilləşdirilməsinin başlıca şərt olduğunu vurğulayaraq fəaliyyətinin ilk günlərdən bu sahədə müasir çağırışlara uyğun islahatların aparılmasını əsas prioritet kimi müəyyən etmişdir.

Ölkə başçının ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarının icrası çərçivəsində 2004-cü ildə Avropa Şurası birgə məhkəmə fəaliyyətini tənzimləyən yeni qanun layihələri hazırlanaraq qəbul olunmuş, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə təsisatları yaradılaraq fəaliyyətə başlamışdır.

Dövlət xidmətlərinə əlçatanlığın genişləndirilməsini, vətəndaşların dövlət orqanlarına müraciət imkanlarının artırılmasını vacib sayan Prezident İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı 19 yanvar 2006-cı il və 15 iyul 2010-cu il tarixli fərmanlarla bu sahədə institusional islahatlar aparılaraq regional apellyasiya və ixtisaslaşmış məhkəmələrin yaradılması bölgələrdə yaşayan insanların məhkəmələrə əlçatanlığını əhəmiyyətli dərəcədə asanlaşdırmışdır.

Eyni zamanda 2011-ci ildə dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayan inzibati ədliyyə institutu təsis edilərək müvafiq məhkəmələr fəaliyyətə başlamışdır.

Ölkə Prezidentinin məhkəmə sisteminin inkişafında mühüm “yol xəritəsi olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən kommersiya məhkəmələrinin yaradılması isə sahibkarlığın inkişafına, bu sahədə mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılaraq çevik və səmərəli həllinin təmin edilməsinə xidmət etmişdir.

Bundan əlavə, ötən dövrdə ölkə Prezidenti tərəfindən hakimlərin sayının artırılmasına dair qərarlar qəbul edilərək vakant ştat vahidlərinin komplektləşdirilməsi məhkəmələrdə işlərə daha operativ və keyfiyyətlə baxılmasına müsbət təsir göstərmiş, bununla bağlı hakimliyə namizədlərin seçimi prosedurumuz öz şəffaflığına və obyektivliyinə görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən yaxşı praktikaların maraqlı modeli kimi dəyərləndirilərək digər dövlətlərə ondan bəhrələnmək tövsiyə edilmişdir. Hazırda bu qaydalar get-gedə daha da təkmilləşdirilməkdədir.

“Şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik", - deyən Prezident İlham Əliyev cəmiyyət həyatının bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının, şəffaf və innovativ metodların daha geniş tətbiqinə çox böyük önəm verir.

Bu mənada dövlət başçısının həyata keçirdiyi islahatlar çərçivəsində "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamı məhkəmə fəaliyyətində müasir texnoloji yeniliklərin tətbiqində innovativ addım olmuşdur.

Ötən dövrdə e-məhkəmənin yaradılması ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilərək onun ölkə üzrə tam tətbiqi təmin edilmiş və artıq deyə bilərik ki, bu gün respublika məhkəmələrinin hamısı bu sistemə qoşulmuşdur.

Bu sistem məhkəməyə müraciət edilməsi anından qərarın icrasına qədər bütün prosesi əhatə edir. İddianın verilməsi, onun qeydiyyatı, rüsumların ödənilməsi, işlərin hakimlər arasında bölüşdürülməsi, tərəflərin dəvət edilməsi, elektron kabinetlərin yaradılması və onun vasitəsilə proses barədə məlumatların və məhkəmə sənədlərinin əldə edilməsi, habelə şikayətlərin verilməsi və s. məsələlər bu sistem vasitəsilə həyata keçirilir.

Artıq məhkəmələrdə elektron sənəd dövriyyəsi, işlərin elektron qaydada bölgüsü, elektron idarəetmə və "Elektron-bildiriş" informasiya proqramları, proseslərin elektron qeydiyyatı sistemi tətbiq olunur.

"Elektron məhkəmə"nin yaradılmasını çox ciddi islahat adlandıran dövlətimizin başçısı onun tətbiqinin şəffaflığı təmin etməklə məhkəmə sistemini müasir və daha da böyük inama malik olan sistemə çevirəcəyini vurğulamışdır.

Həmin sistemin yaradılmasına dəstək göstərən Dünya Bankı əldə olunan nailiyyətləri çox yüksək və örnək kimi qiymətləndirərək dünyada Azərbaycan kimi bu sahəni prioritet müəyyən edən tək-tək dövlətlərin olduğunu bildirmişdir. Bu da dövlətimizin başçısının demokratik dəyərlərə, insan hüquqlarının etibarlı təminatına və bununla bağlı məhkəmə hakimiyyətinə nə dərəcədə böyük önəm verdiyinin əyani təcəssümüdür.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar cənab Prezidentin tapşırığına əsasən ötən dövrdə dövlət büdcəsi hesabına və Dünya Bankı ilə birgə uğurla həyata keçirilən layihələr çərçivəsində paytaxtda və bölgələrdə yeni məhkəmə binaları və kompleksləri inşa olunaraq istifadəyə verilmiş, hakimlərin iş şəraiti onların yüksək statusuna uyğun müasirləşdirilmişdir.

Sözsüz ki, bu addımlar ölkə başçısının qəti siyasi iradəsinə, onun islahatçılığına əsaslanır. Təsadüfi deyil ki, həyata keçirdiyi islahatların miqyasına görə Azərbaycan Prezidentinin adı dünyanın ən islahatçı liderləri sırasında çəkilir.

Prezident İlham Əliyevin 18 oktyabr – Müstəqilliyimizin Bərpası Günü ərəfəsinə təsadüf edən dövlət başçısı kimi iyirmi illik fəaliyyəti göstərir ki, xalqımız bu bayramı bütün sahələrdə qazanılan möhtəşəm nailiyyətlər və qələbələrlə qarşılayır.

Bu gün özünün ən qüdrətli və parlaq dövrünü yaşayan ölkəmizdə geniş vüsət alan müasir inkişaf prosesi, özəl sektorun və sahibkarlığın, elmin, təhsilin və səhiyyənin, mədəniyyətin və idmanın tərəqqisi, əhalinin sosial rifahının və həyat səviyyəsinin günbəgün yüksəldilməsi, azad edilmiş ərazilərimizdə aparılan intensiv bərpa-quruculuq işləri “Bizim sözümüz imzamız qədər keçərlidir” – deyən Prezident İlham Əliyevin ötən dövrdə verdiyi vədləri öz əməlləri ilə gerçəkliyə çevrilməsinin əyani təcəssümüdür.

Bütün bunlar xalqımızın sabaha, gələcəyə olan inamını, öz rəhbərinə dərin məhəbbətini birə on qat artırır. Bu gün hər bir azərbaycanlı gündən-günə qüdrətlənən və çiçəklənən bir ölkədə yaşamaqdan, müstəqil Azərbaycan Respublikasının qalib vətəndaşı, müzəffər xalqın nümayəndəsi olmaqdan yüksək qürur duyur və fəxr edir ki, millətimizin, Vətənimizin, dövlətçiliyimizin taleyi etibarlı əldədir.

Hamımız ürəkdən əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox-çox uğurların sevincini yaşayacaq, yeni-yeni möhtəşəm qələbələrin şahidi olacağıq.

Fikrət Məmmədov

Azərbaycan Respublikasının ədliyyə naziri