...

Erkən nikahlar və onların fəsadları

21-06-2023 | 09:55

Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikah yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır. Bu yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən olunmuş son həddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq son yaş həddi kimi 18 yaş müəyyən edilmişdir.

 Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Beynəlxalq statistikaya görə hər il dünyada 10 milyona yaxın uşaq erkən nikaha məruz qalır. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. Əvvəlki dövrlərə nisbətən müasir dövrdə bu cür halların statistikasında xeyli azalma müşahidə olunsa da, hələ də bu hal bəsəriyyəti təhlükəyə sürükləyəcək səviyyədə mövcuddur. Erkən nikah adətən 18 yaşdan az uşaqların nikaha cəlb edilməsi hesab edilsədə dünya praktikasında daha çox qızların erkən evləndirilməsinə rast gəlinir. Erkən nikahların baş tutmasının müxtəlif səbəbləri və kifayət qədər zərərləri mövcuddur.

Tarixi ənənələr və mentalitetdən irəli gələn səbəblər demək olar ki daha çox rast gəlinən hallardandır. Bəzən ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də erkən nikahlara şərait yaradır. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur. Təcrübədə ailə daxili münaqişələr, qız uşaqlarına təzyiqin olmağı da onları erkən evliliyə yönəldir. Bəzən isə qaçırılma halları erkən evliliyə məcburiyyət yaradır.

Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür.  İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur.  Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq , uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Dolayısıyla ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam  formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması  həmin uşaqları sadəcə daxil olduğu ailə çevrsi ilə məhdudlaşdırır.

Evlilik şəxsin seçim edə biləcəyi bir hadisə olduğu halda erkən evlilik onun seçim haqqının əlindən alınmasıdır. Erkən nikahlar uşaqların uşaqlıqlarının əlindən almaqla onların inkişafında travmalara səbəb olur.  Bu insanlara erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətləri yükləməklə, şəxsi inkişafdan yoxsul qalırlar. Erkən nikahlar zamanı həmin şəxslər təhsildən uzaqlaşır. Erkən nikah qurbanlarının daha çox qız uşaqları olduğundan, həmin qızların həyat yoldaşlarından bağlı hala gəlmələrinə və cəmiyyətdə qadın-kişi bərabərsizliklərinin yaranmasına səbəb olur. Dünya statistikasına əsasən erkən yaşda evləndirilən qızlar, normal hala nisbətən iki dəfə artıq şiddətə məruz qalırlar. Erkən yaşda evlilik qadınların təhsilinində və maddi vəziyyətinin  məhdudluğu, tərəflər arasında yaş fərqi, güc balansının olmamağı, qadının azadlığının əlindən alınması bu cür evliliklərin mexanizminin əsasıdır. Adətən erkən evlilik halları ailələrin razılığı ilə baş tutduğundan təxminən evlənəcək şəxslərin 71% evlənməmişdən öncə bir birlərini görmürlər. Ailə planlaşdırılmasını dərk etmirlər və beləliklə dünyaya gətirilən uşaqların sayında və sağlamlığında problemlər meydana çıxır.  Dünya ədəbiyyatında depressiyaya düşənlərin statistikasnda 10-17 yaş arasında evlənənlərin daha çox intihara meyillilki müşahidə olunur.

Dünyada və ölkəmizdə də tətbiq olunan erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, qanunvericiliklə nəzardə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah problemin də aradan qaldırılması üçün ailələr, ayrı ayrılıqda hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.

Erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri –müəyyən gələcək deməkdir.  Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bugun qurulan ailələrə etibar edirik. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır.

Nuranə KƏRİMOVA

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin əməkdaşı

"Serqqapisi.az" və "Naxcivanxeberleri.com" internet səhifələrində dərc edilmişdir