...

E-qanun.az saytı hüqüqi aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir

29-08-2024 | 15:27

Cəmiyyətin və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə dövlətin və onun xidmət sahələrinin strukturunda da mühüm dəyişikliklər baş verir. Aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərin bütün sahələrini əhatə etməklə yeni mühüm qanunların, fərmanların, strategiyaların və digər hüquqi aktların qəbul olunması ilə müşayiət olunur. Əgər əvvəllər hər hansı bir sənədi əldə etmək vaxt aparırdısa “elektron hökumət”in yaradılması ilə bu problem öz həllini tapmış oldu. Belə ki, sürətlə dəyişən və inkişaf edən texnoloji yenliklər normativ hüquqi aktlar sahəsinə də öz müsbət təsirini göstərdi.

Məlumat üçün bildirək ki, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən bir də məhz Hüquqi aktların vahid elekron bazasının (e-qanun.az) formalaşdırılmasını, idarə olunmasını, tamlığını, müvafiq internet informasiya ehtiyatı vasitəsilə ümumi istifadə üçün daimi açıqlığını və mühafizəsini təmin etməkdən ibarətdir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi prosesində daim iştirak edən nazirlik əhalinin hüquqi biliklərinin artırılması və qanunvericilikdəki yeniliklərlə bağlı məlumatlılığın təmin olunması məqsədilə Hüquqi aktların vahid elektron bazasını aktiv şəkildə aparır. On minlərlə normativ sənədi ehtiva edən e-qanun.az elektron resursu interaktiv rejimdə fəaliyyət göstərir və daim yenilənir.

Əhalini hüquqi aktlar barədə məlumatlandırmaq, onların mətni ilə rahat tanış olmaq və onları asanlıqla əldə etmək, eləcə də insanların hüquqi biliklərini artırmaq məqsədi ilə 2006-cı ilin mart ayından Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktların vahid elektron bazası olan “e-qanun.az” saytı istifadəyə verilib. Yarandığı vaxtdan etibarən ödənişsiz fəaliyyət göstərən saytı demək olar ki, ölkə üzrə istifadəyə verilmiş ilk informativ elektron xidmətlərdən hesab etmək olar.

Bundan əlavə, 21 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu qəbul olunduqdan sonra onun tələblərinə uyğun olaraq 2011-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantı (huquqiaktlar.gov.az) hazırlanaraq istifadəyə verildi. Hüquqi Aktların Dövlət Reyestrinin e-qanun.az saytından fərqi Reyestrə daxil edilmiş hüquqi aktların mətnlərinin istinad üçün rəsmi mənbə hesab olunmasıdır. Hər iki elektron sistemin əhəmiyyəti nəzərə alınaraq ölkə Prezidenti tərəfindən təsdiq olunmuş Dövlət proqramlarında onların təkmilləşdirilməsi üzrə tapşırıqlar verilmişdir. Bu tapşırıqları rəhbər tutaraq “e-qanun.az” və Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının əsasında hər iki sistemi özündə birləşdirən hüquqi aktların vahid elekron bazasının daha təkmil və çoxfunkisyalı versiyası hazırlanaraq 2021-ci ildə istifadəyə verilmişdir.Hazırda elektron bazada Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildikdən sonra, yəni 1991-ci ildən başlayaraq bu günə kimi qəbul edilmiş hüquqi aktları əldə etmək mümkündür.

Xatırladaq ki, qeyd olunanlarla yanaşı, 19 iyul 2011-ci il tarixdə qəbul edilən “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda əksini tapan müddəalardan biri də Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması oldu. Beləliklə, Hüquqi Aktların Dövlət Reyestri 2012-ci il yanvarın 1-dən fəaliyyətə başldı. Hüquqi Aktların Dövlət Reyestri Naxçıvan Muxtar Respublikasında qəbul edilən normativ hüquqi aktları, normativ xarakterli aktları, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarını, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamlarını, həmçinin onların rekvizitlərini əks etdirən dövlət informasiya ehtiyatıdır.

İndiki mərhələdə ədliyyə və məhkəmə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, vətəndaşlara daha asan, rahat və əlçatan xidmətlərin göstərilməsi sahəsində rəqəmsal innovasiyaların tətbiqi genişləndirilir. Dövrün tələblərinə uyğun olaraq, 2023-cü ilin sentyabr ayından Azərbaycan Respublikasının Hüquqi aktların vahid elektron bazasının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinın e-qanun.az saytna inteqrasiyasına başlanıldı. Ümumilikdə, elektron bazada 58 minə yaxın hüquqi akt mövcudur ki, bunlardan 6 mindən çoxu Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qanunla müəyyən edilmiş struktura uyğun olaraq, eyni zamanda, əlavə və dəyişiklər aparılmaqla yenidən işlənərək elektron bazaya daxil edilmişdir.

Elektron qanunvericilik bazasının kompakt versiyası olan e-qanun.az saytı günün istənilən saatında məkana bağlı olmadan kiçik cihazlar vasitəsilə də normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. Sadə və asan formada idarə olunan e-qanun.az saytında bütün bölmələr və funksiyalar var. Çox funksiyalılığı ilə fərqlənən sayt həm də geniş axtarış imkanlarına malikdir və bu da hüquqi aktların məzmunu ilə qısa müddətdə tanış olmağa, axtarış aparmağa imkan verir. Belə ki, lazım olan hüquqi sənədi tapmaq üçün e-qanun.az saytına daxil olduqdan sonra “Axtarış” səhifəsində mövcud olan “Sözə görə” və “Tarix üzrə” xanalarından birinə daxil olmaqla axtarılan hüquqi aktın xanaya uyğun rekvizitini yazıb sənədi tapmaq mümkündür.

Bundan əlavə, “Axtarış” bölməsində normativ hüquqi aktlar, normativ xarakterli aktlar və qeyri-normativ hüquqi aktlar adlı üç yarımbölmə də mövcuddur ki, istifadəçilər axtardıqları hüquqi aktları növünə görə asanlıqla əldə edə bilərlər.

Ümumilikdə, 10 minlərlə normativ sənədi özündə ehtiva edən Hüquqi aktların vahid elektron bazası (e-qanun.az) interaktiv şəkildə fəaliyyət göstərir. Daxil edilən sənədlərin mətnləri ilə tanış olmaq üçün hər il bu sayta istifadəçilər tərəfindən minlərlə giriş və baxış həyata keçirilir ki, bu da ildən-ilə artımaqdadır.

Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər görülür. Demək olar ki, innovasiyaların tətbiqinə, dövlət xidmətlərinin məsafədən və mobil qurğular vasitəsilə təşkilinə xüsusi önəm verilir. Son illər istifadəyə verilmiş və vətəndaş məmnunluğu doğuran, ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin edən “Mobil notariat”, “Mobil məhkəmə” tətbiqləri ilə yanaşı, qanunvericilik aktlarını dərhal əldə etməyə imkan verən mobil e-qanun tətbiqinin istifadəyə verilməsi də xüsusi qeyd olunmalıdır. Bu mobil tətbiq normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. İstifadəsi çox asandır. Belə ki, istənilən yerdə, istənilən vaxt qanunvericilik aktının mətni ilə ani rejimdə tanış olmaq, əldə etmək mümkündür.Tətbiq telefona asanlıqla yüklənir, müxtəlif platformalar üzərindən heç bir qeydiyyat tələb olunmadan yükləyib ondan yararlanmaq olar.

Bu sahədə tədbirlərin davamı olaraq əhalinin aktlar barədə məlumatlandırılması, onların mətni ilə rahatlıqla tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə minlərlə normativ sənədi ehtiva edən Hüquqi aktların vahid elektron bazası (e-qanun.az) daim yenilənməkdədir. İctimaiyyət üçün daim açıq olan bu elektron resursdan demək olar ki, il ərzində minlərlə insan bəhrələnir.

İradə Quliyeva,
Ədliyyə Nazirliyinin əməkdaşı,
I dərəcəli ədliyyə qulluqçusu