...

Azərbaycan Respublikası seçki sisteminin xüsusiyyətləri

30-01-2024 | 09:25

Seçkilər o halda demokratiyanın başlıca elementi olur ki, beynəlxalq normalara uyğun qəbul edilmiş prinsiplər əsasında təşkil edilsin. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyduğu əsas məqsədlərdən biri demokratik inkişaf yolu ilə hüquqi dövlətin qurulması idi. Bu istiqamətdə qanunvericilik sistemi təkmilləşdirilmiş, əsas qanunumuz olan Konstitusiyamızda digər sahələrlə yanaşı seçkilərlə bağlı müddəalar da öz əksini geniş tapmışdır.

Ölkəmizdə vətəndaşların seçki hüquqları, seçkilərin(referendumun) keçirilməsi və səsvermənin təşkili ilə bağlı bütün məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi ilə tənzimlənir.

Əsas qanunumuz olan Konstitusiyaya görə vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.

Azərbaycan xalqı öz müqəddaratını müəyyən etmək hüququnu bilavasitə ümumxalq səsverməsi (referendum) və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Seçkilərdə iştirak etməklə xalq onu təmsil etmək hüququnu seçdiyi şəxslərə verir. Konstitusiyamızın 4-cü maddəsinə görə xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək hüququ yoxdur.

Seçki hüququ konkret formalarda aktiv və passiv seçki hüququ kimi fərqləndirilir. Aktiv seçki hüququ dedikdə, dövlət hakimiyyəti orqanlarının seçilməsi üçün əhalinin səsvermədə iştirak etmək hüququnu nəzərdə tutur. Passiv seçki hüququ isə ayrı-ayrı fərdlərin seçkili orqanlara və seçkili vəzifələrə öz namizədliyini irəli sürmək imkanında ifadə olunur.

Azərbaycan Respublikasında aktiv seçki hüququ sahəsində tətbiq edilən məhdudiyyətlər yaş senzindən (18 yaş), vətəndaşlıq və fəaliyyət qabiliyyəti ilə bağlı məhdudiyyətdən ibarətdir. Passiv seçki hüququnda tətbiq edilən məhdudiyyətlər bir qədər çoxdur. Belə ki, Milli Məclisə deputatlığı irəli sürülmüş şəxslərin ikili vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyi olmamalıdır. İcra və ya məhkəmə hakimiyyətləri sisteminlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Azərbaycan Respublikasında vətəndaşların seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi elan olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. Hərbi qulluqçuların, hakimlərin dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, Konstitusiyada və qanunda nəzərdə tutulmuş digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikasının Prezidenti seçilmək üçün respublika ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı namizədliyini irəli sürə bilər.

Azərbaycan Respublikasında vətəndaşların seçkilərdə iştirakı azad və könüllülük prinsipinə əsaslanır. Qeyd edək ki, beynəlxalq prinsiplərə əsasən seçkilər bəzi ölkələrdə hüquq, bəzi ölkələrdə isə vəzifə kimi müəyyənləşdirilmişdir. Seçkilərin vəzifə kimi müəyyən edildiyi ölkələrdə seçkilərdə iştirak məcburidir və seçkilərdə iştirak etməyən vətəndaşlar üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza tədbirləri tətbiq edilir. Ölkəmizdə isə seçki vətəndaşların hüquqları kimi müəyyənləşdirildiyindən seçkilərdə iştirak könüllüdür, iştirak etməyən vətəndaşlar üçün heç bir məsuliyyət nəzərdə tutulmayıb. Beynəlxalq təcrübədə seçkilərin hüquq kimi müəyyənləşdirilməsi adətən, seçki mədəniyyətinin yüksək inkişaf etdiyi cəmiyyətlərdə tətbiq edilir. Bu, isə o deməkdir ki, insanlar seçkilərdə iştirakı cəmiyyətin və dövlətin idarəetməsində bilavasitə iştirak kimi dərk edir, məsuliyyəti könüllü olaraq qəbul edirlər. Vətəndaşlar öz iradələrini həyata keçirməkdə tam sərbəstdirlər. Bir sıra demokratik ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da seçkilərin demokratik prinsipləri gözlənilməkdədir. Həmin prinsiplərə aşağıdakılar daxildir:

Ümumilik prinsipi - Azərbaycan Respublikası vətəndaşı olan hər kəsə seçkilərdə iştirak etmək hüququnu verir. Mülkiyyətindən, təhsilindən, irqindən, dinindən, sosial mənşəyindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə üzvlüyündən və ya digər statusundan asılı olmayaraq hər bir vətəndaşın seçmək, seçilmək və referendumda iştirak etmək hüququ bu prinsiplə təmin olunur.

Bərabərlik hüququ prinsipinə görə seçkilərdə və referendumlarda hər bir seçicinin tək və bərabər səs haqqı var.

Birbaşalıq prinsipi vətəndaşların heç bir vasitəçi olmadan ölkə başçısını, deputatları və bələdiyyə üzvlərini seçmək hüququna əsaslanır. Bu prinsip seçkinin başlıca funksiyalarından olan əhalinin geniş təbəqələrinin siyasi prosesə cəlb edilməsinə və seçicilərin öz istəklərinə, mənafelərinə daha çox uyğun gələn seçim imkanlarını məhz bu yolla gerçəkləşdirmələrinə şərait yaradır .

Gizlilik prinsipi- seçicilərin səsvermə zamanı heç bir basqı altında qalmadan öz iradəsini ifadə etməsidir. Gizli səsvermə azad seçki prinsipinin ən gərəkli və vacib şərtlərindən biridir. Seçicinin səsinin gizli olması seçici üzərində bütün kənar təsirlərin ortadan qalxmasına səbəb olur. Gizlilik seçicinin sərbəstliyinin təminatıdır. Dünyada gizlilik prinsipinin qorunması üçün iki önəmli şərt var. Birincisi möhürlü bülleten zərfi, ikincisi isə qapalı səsvermə otaqlarının təşkil edilməsidir. Azərbaycan Respublikasının Seçki Məcəlləsində seçki bülletenlərinin qoyulması üçün zərflərin hazırlanması və seçki məntəqələrinə verilməsi, səsvermə otaqlarının gizli səsvermə üçün gərəkli şəraitdə yaradılması ilə bağlı məsələlər öz əksini tapmışdır.

Şəxsilik prinsipi –seçicinin şəxsən seçkidə iştirakı prinsipidir. Seçicilər səsvermə günü seçki məntəqələrinə gedərək seçmə haqqını özləri həyata keçirirlər. Şəxsilik prinsipinə görə seçmək hüququ vəkalətlə heç kimə verilə bilməz. Həmçinin bu prinsip hər hansı sosial-iqtisadi maraqlara deyil, vətəndaşlıq borcunun yerinə yetirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən hüquqi şəхslərin, dövlət оrqаnlаrının və bələdiyyələrin vəzifəli şəхslərinin, digər fiziki şəхslərin sеçkilərin gеdişinə qаnunsuz müdахilə еtmələri qаdаğаndır. Həmçinin vətəndaşların seçki hüquqlarının pozulmasına görə mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Respublikamızda seçkilərin şəffаf və ədаlətli keçirilməsi хаlqın öz irаdəsini аzаd və sərbəst оlаrаq ifаdə еtməsi kimi qanunvericiliyimizdə öz əksini tapmışdır. Bununla da, dövlətin аli hаkimiyyət оrqаnlаrının və özünüidаrəеtmə оrqаnlаrının dеmоkrаtik yоllа fоrmаlаşdırılmаsı dövlətin siyаsi kursunun və strаtеji inkişаf хəttinin düzgün və аrdıcıl həyаtа kеçirilməsinə imkаn yаrаtmışdır.

07 fevral 2024-cü ildə ilk dəfə bütöv Azərbaycan ərazisində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri dövlətçilik tariximizin yeni inkişaf strategiyasına öz töhfələrini verəcəkdir. Seçkilərin siyasi əhəmiyyətini və mənəvi məsuliyyətini daha dərindən dərk edərək bu seçkilərdə vətəndaşlar yüksək seçki mədəniyyəti nümayiş etdirməli və bütöv Azərbaycanın gələcəyi naminə görülən möhtəşəm işlərə öz imzalarını atmalıdırlar. Çünki bu seçkilər Qalib xalqın Zəfər seçkisidir!

Nuranə Kərimova

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin əməkdaşı

"Naxcivanxeberleri.com" və "Nuhcixan.az" internet səhifələrində dərc edilmişdir