Azərbaycan konstitusion və suveren dövlətdir
Ölkə başçısı cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5-ci ildönümüdür.
Artıq 2025-ci ilin 4-cü ayını yaşayırıq və Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında “Konstitusiya və Suverenlik İli”ndə də regionda mühüm tarixi nailiyyətlərə imza atılır. Bu tarixə şahidlik etmək böyük qürur, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlara inteqrasiya olmaq, eyni zamanda özünəməxsus bir tarixi vəzifədir.
Regionda və dünyada sözü imzası qədər keçərli olan bir dövləti formalaşdırmağın təməlində heç şübhəsiz Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiqlik və sədaqət dayanır. Dahi Lider həm də müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını və cəmiyyətin siyasi sistemini müəyyən edən Konstitusiyamızın müəllifidir. İstənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. Belə ki, hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək, insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir.
Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında hazırlanaraq 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi- referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla insan və vətəndaş hüquq və azadlıqlarını, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir. Konstitusiyanın qəbulu çağdaş tariximizin ən mötəbər hadisələrindən biri olmaqla, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən mühüm xidmətlərindən sayılır.
Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərlərə əsaslanan konstitusiyası respublikamızın gələcək inkişaf prioritetlərini dəqiq müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. 5 bölmədən, 12 fəsil, 158 maddədən ibarət olan Konstitusiyanın 48 maddəsinin və yaxud üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması da Ümummilli Liderimizin yüksək daxili demokratizmini, insanpərvərliyini bir daha təsdiqləyir. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquqi islahatlar və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Əsas Qanunda insan hüquq və azadlıqlarına geniş yer verilməsi həm də Azərbaycan dövlətinin demokratik ənənələrə, insan hüquqları ideyasına əməl etmək, vətəndaş cəmiyyətinə qovuşmaq niyyətinin ifadəsinə çevrilmişdir.
Konstitusiyada nəzərdə tutulan müddəalar onun bütövlüyünün qorunması və təhlili prinsipi, konstitusiyaların dəyişdirilməsinin ümumi xalqın fikri nəzərə alınmaqla yəni referendum yolu ilə həyata keçirilməsi və konstitusion normalarının başlanğıc və üstün norma olması çərçivəsində təminat altına almış olur.
Qanunvericilik sahəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, Azərbaycan Respublikasının hüquq sisteminin müasirləşdirilməsi və inkişafı üçün mühüm addımlar atılmasına səbəb olmuşdur. Prezidentin rəhbərliyi altında qanunvericilik sahəsində bir çox mütərəqqi və inqilabi dəyişikliklər həyata keçirilmiş, ölkənin hüquqi bazası daha da gücləndirilmişdir.
Hazırda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, qanunvericilik sisteminin təkmilləşdirilməsi mənbəyini Azərbaycan Respublikası Konstitusiyasından alan möhkəm hüquqi bazaya malik qanunvericilk külliyatıdır.
“Normativ hüquqi aktlar” informasiya sistemi haqqında və “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında” əsasnamələrin təsdiq edilməsi barədə “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı hüquq bazasının gücləndirilməsinin daima dövlətin diqqətində olduğunun bariz nümunəsidir. Yeni əsasnamələr və "Normativ hüquqi aktlar" informasiya sistemi, Azərbaycan Respublikasında hüquq bazasının təkmilləşdirilməsinə, dövlət orqanları arasında əlaqələrin yaxşılaşdırılmasına və normativ hüquqi aktların daha səmərəli şəkildə idarə olunmasına xidmət edəcək. Bu, həmçinin, dövlətin hüquq mühitinin inkişafını təmin edəcək və vətəndaşların hüquqlarının daha yaxşı qorunmasına şərait yaradacaq.
İctimai münasibətlər, hər bir cəmiyyətin və dövlətin inkişafının əsasında duran amillərdən biridir. Bu münasibətlər zamanla dəyişir və yenilənir. Yeni texnologiyalarda, sosial və iqtisadi strukturda meydana gələn dəyişikliklər insan fəaliyyətinin müxtəlif sahələrində fərqli hüquqi tənzimləmələrə ehtiyac yaradır.
Dövlətin hüquqi müstəvidə ictimai münasibətləri düzgün və dəqiq tənzimləməsi, onun cəmiyyət qarşısında olan məsuliyyətinə və hüquq sisteminin keyfiyyətinə birbaşa təsir edən amildir. Cəmiyyət inkişaf etdikcə, yeni ehtiyaclar, yeni problemlər və yeni çətinliklər meydana çıxır.
Dövlətin inkişaf edən ictimai münasibətləri hüquqi müstəvidə düzgün və dəqiq tənzimləməsi yalnız hüquqi bazanın gücləndirilməsi və sosial sülhün təmin edilməsi üçün deyil, həm də vətəndaşların rifahını və hüquqlarını qorumağa yönəlmiş mühüm bir addım olmaqla, cəmiyyətin həyat keyfiyyətinin yüksəlməsinə də mühüm təsir göstərir. Bu prosesin diqqətlə və sistemli şəkildə aparılması, müasir dövrün tələblərinə uyğun, vətəndaşların hüquqlarını qoruyan və ədalətli bir hüquq mühiti yaratmağa kömək edir. Dövlətin bu sahəyə verdiyi diqqət, hüquqi islahatların davamlılığını təmin edir və inkişaf etmiş hüquqi dövlətin formalaşmasına təkan verir.
Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya qanunvericilik sisteminin əsasında durur, eyni zamanda ölkədə hüquqi və siyasi sabitliyin təminatı qismində çıxış edir. Həmçinin dövlət suverenliyinin əsas təminatçısı olmaqla, konstitusiya normaları ictimai münasibətlərin inkişafında müəyyənlik amili qismində çıxış edir. Ölkə Konstitusiyası dövlət quruluşunun əsaslarını, hakimiyyətlərin bölünməsi prinsipini, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini müəyyən edir, insan hüquqları və azadlıqlarının müdafiəsi və təminatı ilə bağlı mexanizmləri tənzim edir.
Əsas Qanunun Preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilmişdir. Bu ülvi niyyətlər ümumilikdə Konstitusiyanın mütərəqqi dəyərlərini əks etdirir.
Məlum olduğu kimi, konstitusiyaların hüquqi əlamətlərindən biri onların stabilliyidir. Konstitusiyanın stabilliyi ölkədə qanunçuluğun, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindən biridir. Konstitusiya uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulan normativ hüquqi aktdır. Bununla belə, konstitusiyaların qəbulu zamanı onların tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişir, cəmiyyət elmin inkişafı baxımından keyfiyyətcə yeni dövrə qədəm qoyur. Bu cür zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində ölkə Konstitusiyasına bir sıra əlavələr və dəyişikliklər edilmişdir. Dövrün çağırışlarını özündə ehtiva edən bu islahatlar hüquqi dövlət dəyərlərinin daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı və səmərəli müdafiəsi məqsədlərinə xidmət edib.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-i Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.”
Bu gün Azərbaycan 30 ildən sonra öz konstitusion quruluşunu və suverenliyini tam bərpa edən dövlət kimi regionda tarix yazır. Uzaqgörən SƏRKƏRDƏnin – Azərbaycan Prezidentinin xalqımız qarşısında verdiyi söz və vədlər tam icra olunub, üçrəngli bayrağımız 86,6 kvadratkilometrlik ərazimizin hər bir kəndində, şəhərində, qəsəbəsində qürurla dalğalanır. Möhtərəm Prezidentimiz hələ 2003-cü ildə keçirilən seçkilərdə qalib gələn zaman bəyan etmişdi ki, Azərbaycanın dövlət suverenliyini bərpa etməsi, konstitusion quruluşuna qovuşması onun xarici və daxili siyasətinin əsas prioritetlərindən olacaqdır. Bu gün böyük Azərbaycan xalqı və onun Ulu Öndəri qarşısında verilən sözlərə əməl edilib, ata vəsiyyəti yerinə yetirilib, Qarabağ doğmalarına qovuşub. Uzun illər hərb tarixinin yaddaşında yaşayacaq bir şücaət və qəhrəmanlıq sayəsində yağının ayağı müqəddəs torpaqlarımızdan birdəfəlik kəsilib, 30 il Qarabağda qondarma “dövlət” quranlar, “parlament” binası tikənlər tarixin zibilliyinə göndərildi. Azərbaycan Prezidenti bütün dünyaya bəyan etdi ki, Qarabağ əzəli yurd yerimizdir və torpaqlarda yalnız və yalnız cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti keçərlidir.
Müdriklərdən belə bir deyim var ki, ədalət topaldır, ləng yeriyir, amma gec-tez mənzil başına çatır. Bir zamanlar əli günahsız Azərbaycan xalqının -qadınların, qocaların, günahsız körpələrin qanına bələnən, işğalçılıq və terrorçuluq xisləti ilə bəslənən, “böyük Ermənistan” xəstə təxəyyülünə uyub bu böyük xalqın başına olmazın müsibətlərini gətirənlər bu gün Bakıda Azərbaycan qanunları ilə mühakimə olunurlar, Azərbaycan məhkəməsi önündə şahidlərin ifadələri, törətdikləri vəhşiliklərin kadrları qarşısında süni göz yaşları axıdıb qanun qarşısında imdad diləyirlər. Bunlar o şəxsdirlər ki, çox yox, 5 il bundan öncə Vətən müharibəsində Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir kimi şəhərlərini raket atəşinə tutur, günahsız insanları qurbana çevirir, müharibə cinayətləri törədirdilər. 30 il beynəlxalq təşkilatların, böyük güclərin edə bilmədyini Azərbayacan tarix və siyasi arenada özü icra edir, günahkarları cəzalandırır. Və bütün bunlar ona görə həyata keçirilir ki, Azərbaycan ərazi bütövlüyünü tam təmin edib, konstitusion quruluşuna qovuşub.
Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli”ndə həm də Qarabağın və Şərqi Zəngəzurun MEMARı kimi şanli tarix yazır. Soyuq Kəlbəcər dağlarından başlamış Xan Arazın qucaq açdığı Zəngilan torpağınadək, Laçın ellərindən Füzuli, Ağdamadək- bütöv Qarabağ yenidən dirçəlir, böyük quruculuq planı uğurla icra olunur. Artıq keçmiş məcburi köçkünlərdən 40 minə yaxın insan bu torpaqlarda əbədi məskunlaşıb, doğma el-ocağa qovuşublar. Bax budur, müstəqillik və regionda söz sahibi, suveren dövlət olmağın bəhrələri. 5 il bundan öncə müharibənin dəhşətlərini çiyinlərində daşıyan bu torpaqlar Azərbaycan Prezidentinin himayəsi və qayğısı ilə yenidən canlanır, Qarabağa nəfəs, yeni ruh qayıdır...
2025-ci il konstitusion və suveren dövlət olan Azərbaycanımız üçün yeni qələbələrin, nailiyyətlərin, sülhün və əmin-amanlığın ili olsun!!!
Səttar Zamanov
Naxçıvan MR Ədliyyə Nazirliyinin
İdarə rəisi
Naxçıvan Dövlət Universitetinin müəllimi